
I Liqada çıxış edən MOİK-də baş məşqçi ayrılığının gerçəkləşməsindən xəbərdarsız.
Qəzənfər Abbasov 2022-ci ilin qışından çalışdığı komandadan ayrılıb.
O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim.
Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
Abbasov bu qərarı təsadüfən verməyib. O, məcburiyyət qarşısında belə bir addım atıb.
Gənc mütəxəssis klubun yeni rəhbərliyi ilə aralarında yaranan narazılıq üzündən "hərbiçilər"ə "əlvida" deməli olub. Belə ki, komandanın son turlarda məğlubiyyətlərlə üzləşməsi tərəfləri üz-üzə qoyub.
Yanvarda görəvə gələn rəsmilər 22 xalla 6-cı pillədə qərarlaşan kollektivin çalışdırıcısına etiraz edib. Sumqayıtlı məşqçi isə onlara yaradılan şəraitin pis olmasından şikayətlənib.
Məşq etmək üçün meydança tapmadıqlarını, günlərlə hazırlıq keçə bilmədiklərini söyləyib. Həmçinin düşərgəyə gətirdiyi oyunçuların bir neçəsinin maliyyə öhdəliklərinin yerinə yetirilməməsi üzündən buradan çıxıb getdiyini bildirib.
Üstəlik, işinə müdaxilə hallarının artmasından narazılığını dilə gətirib.
Fikirlərinə məhəl qoyulmadığını görən Abbasov çıxış yolunu getməkdə görüb.
SPORTİNFO.AZ