
«İmişli»nin icraçı direktoru Aqşin Mürsəlovun başına iş gəlib.
I Liqada mübarizə aparan klub funksioneri barmağını sındırıb.
Hadisə çempionatın 18-ci turunun «Baku Sportinq»i ilə oyunundan sonra baş verib.
Binə qəsəbə stadionunda keçirilən qarşılaşma 2:2 başa çatıb. Kamranbəy Rəhimovun idarə etdiyi matçda hesabı «İmişli» hesabı açıb.
Seyxan Fərəcov 13-cü dəqiqədə penaltidən fərqlənib. Buzovna təmsilçisi 3 dəqiqə sonra Elmin Əskərli ilə bərabərlik qolunu vurub.
Axır 10-15 dəqiqə daha gərgin alınıb.
Fərəcov 83-cü dəqiqədə növbəti penalti vuruşunu dəqiq yerinə yetirsə də, qonaqlar meydandan sevincək ayrıla bilməyib. Luka Stevanoviç 90+5-ci dəqiqədə status-kvonu növbəti dəfə bərpa edib.
Sonluq Mürsəlovu özündən çıxarıb. Özünə yer tapa bilməyən icraçı direktor hirsini divarı yumrluqlamaqla çıxmaq istəyib və bu zaman barmağı zərbənin təsirindən sınıb.
Əsəbi soyumayan idarəçi daha sonra məşqçi və futbolçulara sərt şəkildə irad bildirib. O, medallar uğrunda mübarizə apardıqlarını və bu cür oyunlarda xal itkilərinin yolverilməz olduğunu söyləyib.
SPORTİNFO.AZ