Sabiq milli üzvü bölgə klubunu uçuruma aparır

15:00 I Divizion 1 161
Sabiq milli üzvü bölgə klubunu uçuruma aparır

“Cəbrayıl”da eniş davam edir.

Daxili problemlərdən cana yığılan Elhad Nəziri qış fasiləsində Birinci Liqa klubundan başını götürüb getdi. Elə bu komandaya nə oldusa, ondan sonra oldu.

Ciddi maliyyə böhranına rəğmən gənc mütəxəssisin rəhbərliyi altında "Cəbrayıl" kifayət qədər uğurlu çıxış edə bilirdi. Elhad Nəzirinin dönəmində 11 matç keçirən Qarabağ təmsilçisi aktivinə 14 xal yığmaqla liderlər qrupunun astanasında var-gəl edirdi. Autsayderlərlə arada ciddi xal fərqi yaranmışdı.

Bəs indi?

Onun gedişindən sonra “Cəbrayıl” məğlubiyyətləri sıralamaqla yadda qalır.

Milli komandamızın sabiq üzvü Təmkin Xəlilzadənin rəhbərliyi altında bölgə klubu meydana çıxdığı 7 oyunda cəmi 2 xal toplaya bilib.

Mövsümün birinci yarısında liqada qalmaq uğurunda mübarizə “Mingəçevir”, “Difai”, “Qaradağ Lökbatan” arasında gedirdi.

Amma bu gün buna ən real namizəd “Cəbrayıl” hesab oluna bilər.

Yaxşı sponsorun gəlişindən sonra “İşıqçılar” yerini “Qaradağ Lökbatan”a verməklə zirzəmidən canını qurtara bilib.

“Difai” son turda “Cəbrayıl”ı darmadağın etməklə (4:0) öz gücünü ortaya qoymuş oldu. “Fədailər” daha əvvəl əsas rəqiblərindən hesab edilən “Qaradağ Lökbatan”la “6 xallıq” oyunda da qələbəyə sevinən tərəf olmuşdu -2:1.

Sonuncu pillədə yer alan “Qaradağ Lökbatan” da sakit durmur. Amid Quluzadənin yetirmələri xırda-xırda xal xanasını artırmaqdadır.

Mövsümün ikinci yarısında 6 xal qazanan Lökbatan təmsilçisi “Cəbrayıl”dan cəmi 2 xal geri qalır.

Bir sözlə, “Cəbrayıl” üçün təhlükə qapıdadır. Gedişat komandanın 1 illik aradan sonra yenidən İkinci Liqaya yuvarlanacağını göstərir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...