
I Liqada medallar uğrunda mübarizə aparan «Karvan» gələn mövsümü Premyer Liqada qarşılamaya bilər.
Redaksiyamız Yeavlax təmsilçisinin başının üstünü kəsdirən yeni təhlükə barədə məlumat əldə edib.
Saytımıza daxil olan informasiyaya görə, Peşəkar Futbol Liqasının (PFL) nümiayəndələri yaxınlarda rayona səfər edib, klubun şəraiti və stadionun mövcud durumu ilə yerində tanış olub.
PFL mənsubları burada gördüklərindən heç də razı qalmayıb. Çoxsaylı çatışmazlıqların yer aldığı geniş raport hazırlayıblar.
Bu problemlər AFFA rəsmiləri ilə müzakirə edilib. Daha sonra «Karvan»ın elçiləri federasiyaya təşrif buyurub.
Onların diqqətinə çatdırılıb ki, klub federasiyanın lisenziyalaşdırma tələblərinin əksəriyyətinə cavab vermir. Raportda əksini tapan çatışmazlıqlar bir-bir «sarvanlar»a söylənilib.
Bunların başında arenanın qazonunun bərbad hala düşməsi və akademiyanın normal şəkildə fəaliyyət göstərməməsi gəlir.
Bildirilib ki, mövcud nöqsanların 3-4 ayın içində aradan qaldırılması inandırıcı görsənmir. Odur ki, «Karvan»dan Premyer Liqanın yolunu daha 1 il gözləmələri istənilib.
Yevlaxlılar bu çağırışla razılaşmır. AFFA qarşısında öhdəlik götürməyə hazır olduqlarını söyləyiblər.
Yəni ki, bizə vaxt verin, iyul ayının ortasınadək bütün bu problemləri həll edək.
Klub prezidenti Şahmar Vəliyevin adından deyilib ki, o, qazonun dəyişdirilməsi və digər çatışmazlıqların ortadan qaldırılması məqsədilə əlavə büdcə ayıracaq.
AFFA İcraiyyə Komitəsi Premyer Liqada klub sayını artırıb. Qurumun fevralda çıxardığı qərara əsasən, 2025/2026-cı illər mövsümündən komanda sayı 10-dan 12-yə qaldırılıb.
SPORTİNFO.AZ