Yeni sponsor tapan klubu Premyer Liqaya gətirmək üçün görün nə edirlər!

13:00 I Divizion 692
Yeni sponsor tapan klubu Premyer Liqaya gətirmək üçün görün nə edirlər!

Bilindiyi kimi, Premyer Liqanın qarşıdakı mövsümündə 12 klub aparacaq.

Elita təmsilçilərinin sıraları I Liqanın 3 iştirakçısının hesabına genişlənəcək.

AFFA bu «dəhliz»dən keçmək istəyənləri öz şərti ilə tanış edib - kimlər lisenziyalaşdırma meyarlarına cavab verərsə, onlar da Premyer Liqanın qapısından içəri keçəcək.

«Qəbələ» bu mənada çox rahatdır. 2005-ci ildən 2024-cü ilin yayına kimi bu liqada çıxış eləmiş «qırmızı-qaralar» hər cəhətdən hazırlıqlıdır.

I Liqanın vahid lideri olan əyalət təmsilçisi öz infrastrukturunu qoruyub saxlayıb - burada hər şey qaydasındadır.

Turnir cədvəlində «Qəbələ»nin təqibçiləri də bölgə mənsublarıdır. Onlardan biri – «İmişli» barədə dünən bir xəbər paylaşmışdıq.

Qeyd etmişdik ki, adıçəkilən klub iddiasından geri çəkilib. Belə ki, aran təmsilçisi növbəti mövsüm Premyer Liqa iştirakçıları arasında yer almayacaq.

«İmişli» 17 turu arxada qalan cari çempionatda 30 xal toplayıb. Bu göstərici ilə turnir cədvəlinin üçüncü sırasında mövqe tutublar.

Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik bununla bağlı gözlənilməz qərar qəbul verib. Qərara əsasən, komanda qarşıdakı sezonu da aşağı liqada keçirəcək.

Səbəb? Hə, indi gəlin, təfərrüata varaq. Çünki buna böyük ehtiyac var.

Dünən məlum xəbəri tirajlayandan sonra «İmişli» sosial şəbəkə hesablarında bəyanat paylaşıb. Burada Premyer Liqaya qayıdışla bağlı əminlik ifadə olunub, bildirilib ki, İmişli əhalisi böyük futbola qucaq açmağa hazırlaşsın.

Elə isə deyək, qoy, hamı bilsin ki, kluarlarda hansı proseslər gedir.

Deməli, bizdəki məlumata gorə, bugünlərdə AFFA-nın inzibati binasında I Liqanın iddialı klublarının rəsmiləri ilə ayrı-ayrılıqda görüş keçirilib.

Bu yığıncaqlarda Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri də iştirak edib. Toplantıda diqqətə çatdırılıb ki, İmişli stadionunun mövcud durumu Premyer Liqa standartlarına cavab vermir.

Qeyd olunub ki, dörd ay öncə dəyişdirilmiş meydança indinin özündə də yaxşı vəziyyətdə deyil, sahəyə əməlli-başla «əl gəzdirilməlidir».

Həmçinin vurğulanıb ki, arenanın özündə böyük təmir aparılmalı, kompleks yenilənmə aparılmalıdır. Bu isə həm xeyli vaxt aparacaq, həm də iri həcmdə pul.

«İmişli»yə təklif olunub ki, «Mingəçevir»in xeyrinə öz namizədliklərini geri götürsünlər. Bunun müqabilində isə «Mingəçevir»in sponsoru İmişlidəki stadionun təmirinin xərcini çəkməyə hazırdır.

Bir sözlə, bu boyda həngamə bir «Mingəçevir»in üstündədir. PFL də elə onların Premyer Liqada iştirakına tərəfdardır.

«İşıqçılar»ı himayəsinə götürmüş şəxslərlə təşkilatçı qurumlar arasında münasibətlər yaxındır. İstəyirlər ki, bu adamların timsalıneda Premyer Liqada daha bir pulu klub iştirak eləsin.

«Mingəçevir»i hazırda hər mənada irəli çəkirlər. Axır həftələrə kimi I Liqanın son sırasında yer almış komandaya hakimlər də bacardıqları qədər dəstək verirlər.

Elə tur olmur ki, «fit sahibləri» Füzuli Məmmədovun çalışdırdığı kollektivə yardım əlini uzatmasın. «İmişli» də 17-ci turda öz meydanında bundan əziyyət çəkdi.

Referi İslam Məmmədov qonaqların qapısına penalti təyin etməməklə yanaşı, onların 2 futbolçusunu meydan qovdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti