
"İmişli" Birinci Liqanın 16-cı turunu qələbə ilə başa vurdu.
"Qaradağ Lökbatan"ın məğlub edən (1:0) region təmsilçisi uzun aradan sonra ikinci pilləyə yüksəldi.
Halbuki qış fasiləsindən sonra klubda vəziyyət ürəkaçan deyildi.
Hətta MOİK-ə məğlubiyyətdən (3:4) sonra paltardəyişmə otağında baş məşqçi Fərid Namazov kollektivə getmək qərarını açıqlamışdı. Amma nədənsə ardınca ayrılmaqdan imtina etmişdi.
Bəs sonra nə dəyişdi ki, klub uğurlu nəticələr əldə etməyə başladı?
Rəhbərlik gənc mütəxəssislə görüşüb. Xoş olmayan gedişat geniş müzakirə olunub.
Namazov uğursuz nəticələrin kökündə məşqçilər korpusundakı say azlığını əsas gətirib.
Klub rəhbərliyi çıxış yolu kimi sabiq baş məşqçi Ruhid Usubovu təkrar əsas komandaya cəlb edib.
Ötən yaydan klubun akademiyasında çalışan gənc mütəxəssis çətin də olsa iki yerdə çalışmaq təklifinə yox deməyib.
Yerli publikanın sevimli siması qısa müddətdə daxili ab-havanın müsbət istiqamətə dəyişməsinə yardım edə bilib.
Nəticədə Namazov və Usubov çütlüyünün gördüyü iş daha effektiv alınmağa başlayıb.
Evdə "Karvan", "Zaqatala" kimi bərk rəqibləri məğlub etmək mümkün oldu.
Lider "Qəbələ"yə məğlubiyyətə rəğmən (1:2) meydanda çox inamlı "İmişli" gördük.
Qısası, son 4 turda əldə olunan 3 qələbə İmişli təmsilçisinin mövqeyini bir xeyli yaxşılaşdırmış oldu.
XANOĞLAN / SPORTİNFO.AZ