
«Kəpəz»in sabiq çalışdırıcı Tərlan Əhmədov ona gələn son təklifi qəbul etməyib.
Təcrübəli mütəxəssis «İmişli»nin dəvətini geri çevirib.
2023-cü ilin iyunundan etibarən işsiz qalan məşqçi I Liqaya getməyi özünə yaraşdırmayıb. O, bundan sonra da yalnız Premyer Liqada işləmək niyyətində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Bəs «İmişli» növbəti mövsümdən elitada yarışsa necə? Hə, onda təklif gələrsə, Əhmədov bu variantı nəzərdən keçirməyə hazırıdır.
Aşağı liqada 16 oyun keçirən aran təmsilçisi 30 xal toplayıb. Komanda bu göstərici ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
«İmişli»ni hazırda Fərid Namazov çalışdırır. Gənc məşqçi 2024-cü ilin yayından sükan arxasındadır.
Rəhbərlik onun gördüyü işdən elə də razı deyil. Tərəflər arasında münasibətər soyuqdur.
İdarə Heyətinin sədri Kamran Eyyubov hesab edir ki, o, mövcud imkanlarla daha yaxşı nəticə qazanmağa borcludur.
Namazov bu fikir ayrılığı üzündən dəfələrlə getmək istəyib. Yanvarda MOİK-ə 3:4 hesabıyla uduzduqları matçdan sonra istefa verdiyini futbolçuların diqqətinə çatdırıb.
Bir qədər keçmiş isə fikrindən növbəti dəfə daşınıb. Ondan getməsini gözləyən rəhbərlikdən kompensasiya tələb eləyib.
SPORTİNFO.AZ