Azərbaycan çempionatında şübhəli hadisə - Qəfil dəyişiklik, ortalıqda görünən tələbə… VİDEO

1 Mart 09:40 I Divizion 1 201
Azərbaycan çempionatında şübhəli hadisə - Qəfil dəyişiklik, ortalıqda görünən tələbə… VİDEO

I Liqada 16-cı tura yekun vurulub.

"Mingəçevir" doğma meydanda "Difai"ni qəbul edib.

Bu qarşılaşma turnir cədvəli baxımından 6 xallıq əhəmiyyət daşıyırdı.

Əslində, oyun dünən yox, fevralın 27-də baş tutmalı idi. Güclü qar səbəbindən Yaşar Məmmədzadənin adını daşıyan stadionun ehtiyat meydançasını təmizləmək mümkün olmadığından, ertələnmə oldu.

Bir az da o yana getsək, bu görüş Mingəçevirdə təşkil edilməli deyildi. Tərəflər Zaqatalada üz-üzə gəlməli idi. Necə ki, «işıqçılar» əvvəlki oyunlarını həmin rayonda keçirmişdi.

Qəfil dəyişiklik Füzuli Məmmədovun istəyi ilə gerçəkləşib.

Qardaşı Xaqani Məmmədovun çalışdırdığı «Difai»ni yanvarın əvvəlində, ən çətin perioda atıb qaçan F.Məmmədovun keçmiş klubu ilə qarşılaşmaya «hərtərəfli» hazırlaşdığını deməliyik.

Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi ondan qorxur. PFL-in rəsmilərindən Elgiz Abbasov başqa vaxt özünə əl qatır ki, bəs tribunasız meydanda I Liqanın oyununu keçirmək olar?

Demək, olarmış.

Olarmış, amma yalnız «Mingəçevir» üçün…

Ev sahibləri qısa müddətdə ehtiyat meydançanın bir tərəfində oturacaqlar quraşdırdı, PFL də qəbul etdi. Təşkilatçı qurum I Liqanı şam ağaclarının önünə qırmızı lent çəkilmiş süni sahəyə layiq bildi.

Bunu başqa klublar eləmək istəsəydi, yəqin ki, onlar daş atıb başlarını tutardılar ki, yox, siz nə danışırsız, əsasnamə elə, əsasnamə belə…

Ağacların altına toplaşmış azarkeşlər çempionatı ötən əsrin sonlarına qaytardı. Mənzərə necə də pis görünürdü…

Gələk hakimliyə. PFLoyundan 2 gün öncə açıqladığı təyinatlarda İslam Məmmədovun adını baş hakim kimi göstərmişdi. Dünən nə o, Mingəçevirdə idi, nə də dördüncü hakim Rəsul Babayev.

Qəfil dəyişiklik sizə qəribə gəlməsin. Referi olaraq meydanın ortasında görünən Əli Əliyev 90 dəqiqə ərzində «Mingəçevir»ə simpatiya bəslədi.

Köməkçiləri ilə bərabər.

Meydanın «Difai»yə aid hissəsində bir qayda olaraq ev sahiblərinin lehinə cərimə zərbələri təyin elədi. Bir qrup tərəfdarın hay-küyü altında o tərəf-bu tərəfə qaçan «fit sahibi» öz «iş»inin öhdəsindən artıqlamasıyla gəldi.

İkinci hissənin ortasında qonaqların penaltisini vermədi. Əvəzində 88-ci dəqiqədə adi epizodda «fədailər»in qapısına tərəf cərimə zərbəsi göstərdi.

Hərçənd burada müdafiə olunan «Difai»nin oyunçusu idi və o, rəqibi kobudluqla dayandırmamışdı.

Raul Məmmədovun birbaşa qapıya istiqamətləndirdiyi topa isə Nail Alışov düzgün reaksiya vermədi: onu yumruqları ilə uzaqlaşdırmaq əvəzinə vurub tora saldı.

Bu anda dünya sanki Füzuli Məmmədovun idi. Qolun sevincidindən özünü iirən baş məşqçi meydana daxil olaraq, qonaqlara acıq verirmiş kimi onların texniki zonasına yaxınlaşdı.

Atılıb-düşən çalışdırıcı utanmasaydı, qaçıb Əli Əliyevi də bağrana basardı. Çünki qəfil bu oyuna göndərilmiş referi onun köhnə tanışı,

keçmiş tələbəsidir. Məlumatı olmayanların diqqətinə çatdıraq ki, Ə.Əliyev sabiq futbolçudur və 2014-2015-ci illərdə F.Məmmədovun rəhbərliyi altında «Rəvan»ın U-19 komandasının formasını geyinib.

Həmin vaxt cinah yarımmüdafiəçisi mövqeyində çıxış etmiş Əli məhz baş məşqçisinin təşəbbüsü ilə sonradan hakimlik peşəsini seçib.

Görəsən, AFFA-nı bunu bilən bir nəfər yoxdurmu?

Yoxsa F.Məmmədov Hakimlər Komitəsinə də təzyiq göstərərək, İslam Məmmədovu öz tələbəsiylə əvəzləyib?

Nə biləsən…

Belə çıxır ki, onun sözü daşdan (PFL ilə yanaşı, AFFA-dan) da keçir. Daha deyin, görəcək günlərimiz var da…

SPORTİNFO.AZ

"Mingəçevir" - "Difai" 1:0
Qol:
R.Məmmədov, 88

. Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat
meydanca). 500 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rəhman Aslanov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Nahid Əliyev, 20 (qeyri-idman hərəkəti); Hüseyn Əliyev, 33 (qeyriidman hərəkəti); Vüqar Həsənov, 69 (qeyri-idman hərəkəti) // Tahir Zeynalov, 35
(qeyri-idman hərəkəti); Kristian Kamta, 69 (qeyri-idman hərəkəti); Arzu Atakişiyev,
oyundan sonra (hakimin qərarına etiraz)
Qol: Raul Məmmədov, 88
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.
“Mingəçevir”
96. Elməddin Məmmədov
14. Vüqar Həsənov
60. Elmin Bayramov
2. Hüseyn Əliyev
19. Elçin Qasımov (k)
20. Gülağa Əsədov
(77. Rəşad Əliyev, 81)
27. Mehrac Baxşalı
3. Raul Məmmədov
6. Murad Dadaşev
5. Abba Usman
(13. Fanen Jozef Akyam, 68)
95. Nahid Əliyev
(17. Taleh Fərmanov, 90)
Ehtiyat oyunçular:
25. Afiq Musayev
75. Emil Həbibov
22. Rövşən Şahmuradov
18. Elvin Əliyev
7. Aqil Nəsibov
16. Zöhrab Əsədov
8. Nihad Xəlilli
23. Məhəmməd Abbasov
Baş məşqçi: Fizuli Məmmədov
“Difai”
85. Nail Alışov
55. Seymur Əliyev (k)
10. Tahir Zeynalov
(44. Yaqub Yusubov, 90)
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
(11. Fərid Kərimzadə, 62)
66. Arzu Atakişiyev
(50. Qurban Hüseynov, 83)
19. Muhammed Alfa
Ehtiyat oyunçular:
1. Sahib Həsənov
24. Rəvan Əvəzov
Məşqçi: Kərim Diniyev

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu