Onun yerinə göz dikənlərə fürsət verilməli deyil!!

5 Mart 19:40 I Divizion 478
Onun yerinə göz dikənlərə fürsət verilməli deyil!!

"Karvan" mövsümün startından məqsədinin Premyer Liqa olduğunu mübarizəsi ilə ortaya qoymağı bacarıb.

Düzdü, ilk gündən Birinci Liqanın əsas favoriti "Qəbələ" hesab olunur. Büdcəsi, heyəti, güclü məşqçilər korpusu belə düşünməyə əsas verir.

Amma yevlaxlılar bir çox detalda geri qalsa da, meydanda "qırmızı qaralar"a asan təslim olmadı.

Əbəs deyil ki, liderliyi yalnız "Qəbələ"yə məğlub olmaqla əldən verdi. Hakim qalmaqalı ilə yadda qalan həmin matçdan sonra "Karvan" bir müddət özünə gələ bilməsə də, ikinci pilləyə bu gün də ən real namizəddir.

Bu gün isə yeni reallıq var. AFFA İcraiyyə Komitəsinin çıxardığı son qərara görə yeni mövsüm elitada komanda sayı 12 olacaq.

Yüksək dəstəni tərk edən sonuncu komandanın əvəzində aşağı liqanı ilk üç pillədə bitirən kollektiv Premyer Liqaya vəsiqə qazanacaq.

Deməli, çempion olmadan da Premyer Liqaya yüksəlmək mümkündür.

Belədə "Karvan"ın şansları birə beş artmış oldu.

16 turdan sonra aktivində 30 xal olan bölgə klubu hazırda 2-ci pillədədir.

Təbii ki, uğurlu çıxışın baş qəhrəmanı Kənan Kərimovdur. Geniş olmayan heyət, məhdud büdcə ilə ilk gündən liderlər qrupunda qala bilib.

Ancaq növbəti mövsüm komanda elitaya qayıtsa, Kərimovu baş məşqçi postunda görməyə bilərik.

Artıq indidən onun yerinə göz dikənlər var. Bəzi namizədlərin açıq-aydın adları çəkilir.

Amma klub rəhbərliyi heç bir halda buna getməli deyil. Hazırkı baş məşqçinin yerinə göz dikənlərə fürsət verilməli deyil.

Kərimovun Yevlax futbolunda yeri bir başqadır.

Azərbaycan millisinin sabiq üzvü doğma rayonun komandasına futbolçu kimi xidmət edib.

Karyerasını bitirəndən sonra isə məşqçi kimi əlindən gələni əsirgəməyib.

Ən çətin şərtlər altında muxtəlif liqalarda Yevlax təmsilçisinin iştirakını təmin edib. Komandanı ayaqda saxlamaq üçün qapılara düşüb, mətbuat vasitəsi ilə dəfələrlə imdad diləyib. Hətta cibindən pul xərcləydi belə olub.

Bu gün də öz əməyi ilə Yüksək Liqaya vəsiqə qazanmağın astanasındadır. Yevlax üçün önəmi böyük olan adamla elitada da birgə addımlamaq mütləqdir. Klub rəhbərliyi gərək bunu unutmasın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti