
Yeni mövsümdən Premyer Liqada klub sayının 12-yə qaldırılmasına ən çox sevinənlərdən biri də "İmişli" kollektivi oldu.
Hazırda 3-cü pillədə olan bölgə klubu uzun fasilədən sonra Premyer Liqaya qayıtmağa çox yaxındır.
Belə məqamda bizi üzən İmişli təmsilçisinin ev oyunlarına marağın az olmasıdır.
Qışdan sonra keçirilən 3 ev oyununda tribunalara cəmi 2300 azarkeş cəm olub.
Onun da 1500 nəfəri lider "Qəbələ" ilə görüşə təsadüf edir.
Bir neçə gün əvvəl bu barədə tənqidi yazım olmuşdu.
Ki, elita bu qədər yaxın ikən gərək yerli publika oyunlara daha çox maraq göstərsin. Azarkeş dəstəyi uğurlu çıxış üçün önəmlidir.
İmişlidən olan bir neçə azarkeş haqlı iradımıza səssiz qalmadı.
Redaksiyamızla əlaqə saxlayan fanatlar ev oyunlarına marağın az olmasının səbəblərini dilə gətiriblər.
Fanatların ümumi fikri belə olub: "İmişlidə futbola maraq böyükdür. Komandanın yüksək liqaya qayıtmaq şansının artması hamımızı sevindirir. Amma hər dəfə arenaya getmək mümkün olmur. Bunun da əsas səbəbi qarşılaşmaların həftəiçi və günorta saatlarında keçirilməsidir".
Həftə sonları Premyer Liqa görüşləri baş tutduğu üçün gün olaraq müdaxilə mümkünsüzdür.
Bəs başlanma vaxtını axşam saatlarına dəyişmək olmazmı?
Təəssüf ki, bu da bu gün üçün real deyil.
Çünki İmişli şəhər stadionunda işıqlandırma dirəkləri yoxdur. Bərpası isə yalnız elitaya qayıdandan sonraya planlaşdırılır.
Qısası, "İmişli" fanatlarının dərdi böyükdür. Həlli isə mümkünsüz. Tək çarə isə elitaya qayıtmaqdır. Ümid edək ki, o zaman işıqlandırma ilə bağlı problemin həlli kimi, tribunların boş qalması kimi narahatlıq da aradan qalxmış olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ