“Liqada biz qalmalıyıq, onlar yox” söylədi, futbolçularını öyrətdi ki…

26 Fevral 10:40 I Divizion 2 567
“Liqada biz qalmalıyıq, onlar yox” söylədi, futbolçularını öyrətdi ki…

Sabah I Liqada 16-cı tura start veriləcək. Birinci oyun günü bütün diqqətlər Mingəçevirə çevriləcək.

Çempionatda qalmaq mücadiləsi verən «işıqçılar» 2025-ci ildə doğma şəhərdə ilk ev oyununa çıxacaq.

ASTA-nın himayəsi altına keçən yerli komanda həmin gün «Difai»ni qəbul edəcək.

Turnir cədvəlinin alt sıralarını yaxından maraqlandıran qarşılaşmaya hər iki tərəf ciddi yanaşır. «Mingəçevir»in baş məşqçisi Füzuli Məmmədov futbolçularını qarşıdakı oyuna motivasiya etmək üçün bütün yollara əl atıb.

Futbol aləmində daha çox «Tapış Füzuli» kimi tanınan çalışdırıcı iclasda rəqibin ünvanına aşağılayıcı ifadələr işlədib, «Birinci Liqada biz qalmalıyıq, onlar yox» söyləyib.

Ötən ilin dekabrında «Mingəçevir»lə danışıqlara başlayan, yanvarın əvvəlində sükan arxasına keçən F.Məmmədov dolayısı ilə bildirib ki, növbəti oyunun idarəçiliyindən narahat olmağa dəyməz. Hansı hakim bura təyinat alır-alsın, onlara simpatiya bəsləyəcək.

Baş məşqçi analizini bunun üzərində qurub. Futbolçularına tapşırıb ki, kim cərimə meydançasına daxil olarsa, özünü yerə atsın, hakim penalti təyin edəcək.

O, «Difai»nin oyunçularını təxribata çəkmək üçün «müvafiq göstərişlər» də verib. Belə ki, topsuz epizodlarda ayağa zərbə endirmələrini istəyib. «Tapış Füzuli» əmindir ki, «fit sahibi»nin fiti bu epizodlarda susacaq.

11 xala malik «işıqçılar» ondan 2 xal çox toplamış qonaqlarla qarşılaşmaya xüsusi hazırlıq görür. Bu barədə düşərgədən redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Verilən informasiyaya görə, Füzuli Məmmədovun tələbi ilə rəhbərlik Yaşar Məmmədzadə adına stadionda mühafizə dəstəsi yerləşdirib.

Baş məşqçinin tapşırığını yerinə yetirən idarəçilər komandanın məşqi zamanı arenaya azarkeşlərin daxil olmasını yasaqlayıb.

2020-cü ilin noyabrında «Neftçi»dən qovulmuş mütəxəssis fanatların hazırlıq prosesindən foto və video çəkib sosial şəbəkələrdə paylaşmasını istəmədiyi üçün belə bir qərar verib.

Füzuli Məmmədov 2024-cü ilin noyabrın 2025-ci ilin yanvarınadək «Difai»də prezidentin müşaviri postunu tutub.

O, qardaşı Xaqani Məmmədovun çalışdırdığı klubu yarıyolda qoyaraq, «Mingəçevir»ə qaçıb. Qazanacağı 5 manatı verdiyi bütün vədlərdən üstün tutaraq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti