
I Liqada 15-ci tur yekunlaşıb.
Çempionatda yerini qorumaq dərdi çəkən iki komanda - "Difai" və "Qaradağ Lökbatan" Şamaxıda üz-üzə gəlib.
Ötən həftə Zaqatala səfərindən 1 xalla qayıtmağı bacarmış «fədailər» bu görüşə ciddi itkilərlə çıxmışdı. Tahir Zeynalov sarı vərəqə limitini doldurduğundan, kənarda qalmışdı.
Qapıçı Sahib Həsənov, müdafiəçi Ömər Məmmədzadə və yarımmüdafiəçilər - Fərid Kərimzadə ilə Ceyhun Muxtarlı zədəyə görə forma geyinə bilmirdi.
Qarabağ qazilərinin təmsilçisi bu qədər problemə rəğmən, 90 dəqiqə döyüşkən ruh sərgilədi. Aydın Qasımovun ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəldiyi söylənilməlidir.
Baş məşqçi səlahiyyətlərini yerinə yetirən şəxs komandanı funksional və psixoloji cəhətdən oyuna yaxşı hazırlamışdı.
«Qaradağ» onlardan bu cür dirəniş gözləmirdi. Şamaxıya 1 gün əvvəl gəlmiş qonaqlar elə fərz edirdi ki, ötən dörd dueldən qalib ayrıldıqlıarı kimi, yenə oyun keçirəcəklər.
İlk dəqiqələrdən irəli atılan lökbatanlılar Araz Abdullayev – Nurlan Novruzov – Bahadur Həziyev - Şahin Balejai dördlüyünün fəallığına bel bağlayırdı.
Sıx müdafiə olunan, rəqibi meydanın özlərinə aid hissəsində qarşılayan «Difai»nin əks-hücum taktikası daha təhlükəli alınırdı.
Kristian Kamta, Xəyyam Məmmədli və Muhammed Alfanın sürəti «Qaradağ»ın ləng təsir bağışlayan müdafiəsinə çətin anlar yaşadırdı.
Hesab isə standart vəziyyət zamanı açıldı. Alfaya qarşı kobudluğa görə təyin olunmuş cərimə zərbəsi Seymur Əliyevin fərqlənməsinə şərait yaratdı.
«Neftçi»dən icarəyə götürülmüş müdafiəçi qapıçı İlnur Valievin çıxışda səhvə yol verməsindən yararlanaraq, ikinci cəhdində başla toru silkələdi.
11 dəqiqə keçmiş Nurlan Novruzov cərimə meydançası daxilində qarışıqlıqdan istifadə edərək, hesaba tarazlıq gətirdi.
«Qaradağ»ın bərabərlik sevinci cəmi 4 dəqiqə sürdü. Uzun ötürməni qəbul edən Kamta 25-30 metrlik reyd edərək, qapının uzaq küncünü dəqiq nişan aldı.
İkinci hissə daha gərgin alındı. Fasilədə iki əvəzləməyə əl atan Amit Quluzadə daha sonra iki dəfə taktiki dəyişikliyə getdi.
Böyük qüvvə ilə irəli atılan «Qaradağ» əsasən cinah keçidlərinə və asmalarına güc verirdi ki, belədə də «Difai»nin arxa zonası sayıqlığı hesabına təhlükəli vəziyyətlərin sıralanmasına imkan yaratmırdı.
Hamı bir nəfər kimi vuruşurdu, mübarizəyə girməkdən qaçmırdı. Demək olmazdı ki, filan futbolçu özünü zədədən qoruyur, filan futbolçu ikili mücadilədən qaçırdı.
«Qaradağ» barədə bu sözləri söyləmək çətindir. Çünki burada Araz Abdullayev faktoru komanda yoldaşlarını sıxır.
«Neftçi»nin yetirməsi olan yarımmüdafiəçi oyunun onun üzərində qurulmasını, bütün topların ona istiqamətlənməsini istəyir.
Araz qaçmır, qısa traektoriyada hərəkət edir, əvəzində çiyindaşlarının üstünə qışqırır. Matçboyu onun səsi daha tez-tez eşidilirdi, nəinki Amit Quluzadənin.
Sonuncu ümumiyyətlə, özünə yer tapa bilmirdi.
Birinci hissə bitən kimi paltardəyişmə otağına tərəf getməyən çalışdırıcı siqaret çəkir, gileylənirdi. Eləcə də final fitindən sonra. Komandada işlərin düz getməməsini anlamışcasına…
Bir-iki kəlmə də hakimlər briqadası haqda. Mingəçevirli referi Namiq Bəkirov oyunu heç-heçəyə çəkirdi.
«Fit sahibi» nəticədən dilxor görünürdü. Hər halda matç kimi qaş-qabağı yer süpürürdü…
Beləliklə, xallarını 13-ə yüksəldən "Difai" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 12 xalı olan "Qaradağ Lökbatan" isə 9-cu yerdədir.
SPORTİNFO.AZ
"Difai" - "Qaradağ Lökbatan" 2:1
Qollar: Seymur Əliyev, 23; Kristian Kamta, 38 // Nurlan Novruzov, 34
Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Nail Alışov, 90+4 (oyunun bərpasının ləngidilməsi) // Fərid Nadirov, 21 (qeyri-idman hərəkəti); Şahin Balejai, 75 (hakimin qərarına etiraz); Hakan Həsənov, 77 (qeyri-idman hərəkəti); Hüseyn Hüseynli, 90 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 6 dəq.
“Difai”
85. Nail Alışov
55. Seymur Əliyev (k)
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
3. Əbil Əbilov
(50. Qurban Hüseynov, 63)
9. Kristian Kamta
(24. Rəvan Əvəzov, 88)
32. Xəyyam Məmmədli
(44. Yaqub Yusubov, 69)
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
Ehtiyat oyunçular:
1. Sahib Həsənov
12. Vaqif Məlik-Yeqanov
99. İlkin Hüseynov
21. Anar Əhmədzadə
Məşqçi: Aydın Qasımov
“Qaradağ Lökbatan”
25. İlnur Valiev
90. Şahin Balejai
(6. Coşqun Əsədzadə, 88)
10 Araz Abdullayev (k)
9. Nurlan Novruzov
(11. İmran Azaxov, 70)
8. Təmraz Əmircanov
7. Bahadur Həziyev
5. Fərid Nadirov
77. Bəşir Ayralov
14. Hüseyn Hüseynli
44. Xəyyam Hüseynov
(4. Hakan Həsənov, 46)
15. Fuad Əhmədov
(22. Fərid Mahmudov, 46)
Ehtiyat oyunçular:
88. Tunar Mütəlimov
19. Naxamaneş Neyijvanuş
17. Ramin Məhərrəmli
Baş məşqçi: Fərid Məmmədov