Klub rəhbəri: “Ciddi maliyyə problemlərimiz var”

19 Fevral 01:00 I Divizion 434
Klub rəhbəri: “Ciddi maliyyə problemlərimiz var”

“Komandamız hədəfə çatmaq üçün bütün imkanlardan səmərəli istifadə edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Zaqatala”nın prezidenti Şaban Şirdanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Premyer Liqada komanda sayının artırılacağı ilə bağlı qərara münasibət bildirib:

“Zəngin futbol ənənəsi və futbolçu potensialı baxımından “Zaqatala”nın Premyer Liqada təmsil olunması məqsədə uyğundur.

Hesab edirəm ki, komandamızda çıxış edən futbolçuların hər biri Premyer Liqada çıxış etmək potensialına malikdir.

Əksər komandalarda da zaqatalalı futbolçular oynayır. Biz onları bir araya gətirib, daha çox yerlilərdən ibarət kollektiv kimi çıxış etməklə Azərbaycan futboluna töhfə vermək niyyətindəyik”.

Onun sözlərinə görə, komandanın I Liqada indiyədək olan çıxışı buna deməyə əsas verir:

“Motivasiya və mübarizə əzmi yüksək səviyyədədir. Bu da ilk növbədə komandanın təcrübəli baş məşqçisi Rüstəm Məmmədovun və məşqçilər korpusunun gördüyü səmərəli işin nəticəsidir.

Üstəlik, futbolçuların da işlərinə peşəkar münasibəti hədəfə çatmağımızın mümkün olduğunun göstəricisdir”.

Şirdanov klubun mövcud problemlərinə də toxunub:

“Dövlət tərəfindən ayrılan vəsait bu məqsəd üçün yetərli deyil və ciddi maliyyə problemlərimiz var. Buna görə də əlavə maddi dəstəyə ehtiyac yaranıb.

Bu məsələlərə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasından sonra qayıdacağıq.

Bütün hallarda, Premyer Liqada iştirak etmək üçün heyətin gücləndirilməsi, infrastruktur və dayanıqlı maliyyə məsələləri həllini gözləyən əsas problemlərdir.

Hazırda Zaqatala Olimpiya İdman Kompleksinin stadionundan istifadə edirik. Lakin qazonun dəyişdirilməsinə ehtiyac var. Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil.

Bununla belə, motivasiyamızın yüksək səviyyədə olması bizim əsas üstünlüyümüzdür. Mübarizə əzmi ən yüksək səviyyədə olan komandalardan biriyik və sonadək mübarizə aparmağa hazırıq”.

“Zaqatala” I Liqada turnir cədvəlində 14 turdan sonra 21 xalla dördüncü yerdə qərarlaşıb. Onlar lider “Qəbələ”dən 15 xal geri qalırlar.

Digər Xəbərlər
Xəbər Lenti