
Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan «İmişli» Tərlan Əhmədovu baş məşqçi postunda görmək istəyir.
Bu barədə redaksiyamıza adıçəkilən mütəxəssisin yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, I Liqanın iddialı iştirakçısı çalışdırıcıya təklif göndərib. Rayonun eyniadlı klubu Əhmədovu öz şərtləri ilə tanış edib - ilyarımlıq müqavilə.
«İmişli» 14 tur ərzində 24 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində özünə yer edib. Komanda lider «Qəbələ»dən 12, ikinci sıradakı «Karvan»dan 5 xal geri qalır.
Rəhbərlik bu gedişatdan qətiyyən razı deyil. Ötən ilin iyulunda baş məşqçi postuna gətirdikləri Fərid Namazovu daha burada görmək istəmirlər.
2025-ci ilə lap pis başlayıblar. MOİK-ə Binədə, «Qəbələ»yə İmişlidə uduzan kollektiv yalnız «Karvan» üzərində qələbəyə sevinib.
Yönətim uğursuz seriyanın səbəbkarı qismində yalnız Namazovu görür. Gənc çalışdırıcıya müqaviləni qarşılıqlı razılıq əsasında müqaviləni pozmaq təklif olunub, «okey» deməyib.
Aşağı liqa mənsubunun xidmətinə ehtiyac duyduğu Tərlan Əhmədov isə 2 ildən çoxdur işsizdir.
Vaxtilə AZAL, «Neftçi» və «Keşlə»ni çalışdırmış mütəxəssis sonuncu dəfə «Kəpəz»in sükanı arxasında dayanıb. O, 2023-cü ilin yayında Gəncə təmsilçisindən uzaqlaşdırılıb.
SPORTİNFO.AZ