
Yeni mövsüm Premyer Liqada klub sayı 12 olacaq.
Say artırılsa da, reqlamentin qorunub-qorunmayacağı sual olaraq qalır.
Ehtimal var ki, Premyer Liqanın sonuncusu birbaşa Birinci Liqaya düşməsin.
Aşağı liqada üçüncü pillənin sahibi olacaq kollektivlə elitanın axırıncısı pley-off oynasın.
Görəsən, belə qərarın qəbulu nə dərəcədə ədalətli olar?
Sualımıza bu dəfə Birinci Liqada hazırda üçüncü pillənin sahibi olan "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovdan cavab axtardıq.
Klub rəsmisi əsasnamənin qoruyacağına ümidini ifadə edib:
"İcraiyyə Komitəsinin verdiyi qərarlar futbolumuzun inkişafı üçün çox önəmlidir. Xüsusilə komanda sayının artması bütün futbolsevərlər kimi, bizi də sevindirdi.
Reqlament məsələsində gələndə, bu məsələ Peşəkar Futbol Liqasının əsasnaməsində aydın izah edilib.
Məncə, əsasnamənin tələbləri qorunacaq. İdman prinsiplərinin qorunmasının son illər liqalarda necə rəqabət yaratması hər kəsə məlumdur.
Ümid edir və inanırıq ki, bu məsələ ilə bağlı ən doğru qərar veriləcək".
XANOĞLAN / SPORTİNFO.AZ