
Qış fasiləsində "Mingəçevir"də baş verən dəyişikliklər hər kəsi sevindirdi.
ASTA (Azerbaijan Sport Talents Academy) bölgə klubunu himayəyə götürdü.
İlkin olaraq kluba yarım milyon büdcə ayrıldı.
Baş məşqçi postuna Füzuli Məmmədov gətirildi. Çalışdırıcı gələr-gəlməz heyətdə köklü dəyişikliklərə getdi.
Qarşıya qoyulan hədəf isə sonuncu pillədə yer alan kollektivi Birinci Liqada saxlamaqdır.
Deyəsən, Məmmədovla bu məqsədə çatmaq elə də asan olmayacaq.
Hər halda, mövsümün ikinci yarısının arxada qalan 3 turu belə düşünməyə ciddi əsas verir.
Əslində qışdan sonrakı qrafik "Mingəçevir" üçün çox uyğun idi.
Fasilədə güclənən komandanı ardıcıl olaraq aşağı sıralarda yer alan rəqiblərlə oyunlar gözləyirdi.
"Zaqatala"ya uduzan (1:2), "Qaradağ Lökbatan"la qolsuz bərabərliyə razılaşan Füzuli Məmmədovun yetirmələrinin heç olmasa "Cəbrayıl"ı üstələyəcəyi ehtimal olunurdu.
Axı Elhad Nəzirinin baş məşqçi postundan gedişindən sonra Qarabağ təmsilçisində işlər yolunda getmir. MOİK və "Qaradağ Lökbatan"a ardıcıl məğlubiyyətlərdən sonra düşərgədə ab-hava yerində deyil.
Amma "Mingəçevir" bu qədər problem içində olan rəqiblə də bacarmadı - 0:0.
Qarşıdan isə iddialı kollektivlərlə görüşlər gəlir.
Qısası, "Neftçi"nin sabiq məşqçisinin "Mingəçevir"də işləri yolunda getmir. Gedişat komandanın liqanı tərk etməsi ilə belə nəticələnə bilər.
Təbii ki, yeni sponsor da vəziyyəti nəzarətdə saxlayır. Məmmədov uğursuz gedişata qısa müddətdə son qoya bilməsə, yolların ayrılması da müzakirə oluna bilər.
XANOĞLAN / SPORTİNFO.AZ