![Baş məşqçi ilə problem yaşadı, komandasını dəyişdi](https://www.sportinfo.az/media/2025/02/12/8b97f8dd-9918-41f8-b249-e9a4d42c006f.jpg)
«Mingəçevir»də Füzuli Məmmədovla problem yaşayan Elnur Mirzəyev klubunu dəyişib.
Müdafiəçi bundan sonra «Baku Sportinq»in uğurları üçün tər tökəcək.
O, I Liqanın debütantı ilə sonradan 1 il uzadılmaq şərtiylə 4 aylıq müqavilə imzalayıb.
Səbəb odur ki, vaxtilə «Neftçi»də işləmiş baş məşqçi I Liqanın 12-ci turunda «Zaqatala»ya 1:2 hesablı məğlubiyyətdən sonra komanda üzvlərinə «dişinin dibindən çıxanı» söyləyib.
Debütünün uğursuz alınmasından qəzəblənən mütəxəssis hirsini oyunçuların üzərinə töküb.
Zaqatalada keçirilmiş matçda iki sarı vərəqə alaraq 75-ci dəqiqədə meydandan uzaqlaşdırılan Elnur Mirzəyevin ünvanına xoşagəlməz ifadələr işlədib.
Məmmədov yenilginin müqəssiri kimi yarımmüdafiəçini göstərib. Həmçinin onu 500 manat miqdarında cərimələdiyini söyləyib.
Mirzəyev isə bütün bunlarla razılaşmayıb, baş məşqçinin cavabını verib. Komanda yoldaşlarından Xəyal Muradov da ona qoşulub.
Hər iki futbolçu Füzuli Məmmədova etiraz edərək, düşərgədən gedib.
Onlar baş məşqçiyə «Biz belə komandada oynaya bilmərik. Siz bura layiq deyilsiz. Azərbaycan futboluna lazım olmayan məşqçisiz» söyləyib.
Biz bu xəbəri yayandan sonra F.Məmmədov bəzi mətbu orqanlara açıqlama verərək, saytımızın doğru məlumat paylaşmadığını iddia etmişdi.
İş elə gətirdi ki, ictimaiyyətin həqiqəti bilməsi üçün heç 40 gün gözləmək lazım gəlmədi.
Bir daha bəlli oldu ki, bizi yalan informasiya tirajlamaqda suçlayan Məmmədovun özü yalançının böyüyüdür.
Arada cidi konflikt olmasaydı, sözsüz ki, Mirzəyev 2 il formasını geyindiyi şəhərin komandasını tərk edib, Buzovnanın yolunu tutmazdı…
SPORTİNFO.AZ