![“Neftçi”nin sabiq baş məşqçisi indi onlara yalvarır ki...](https://www.sportinfo.az/media/2025/02/11/67a63f6621d6f67a63f6621d70173894845467a63f6621d6c67a63f6621d6d.jpg)
«Mingəçevir»də qalmaqalın yaşanmasından xəbərdarsız.
Yanvarın əvvəlində «işıqçılar»ın sükanı arxasına keçən Füzuli Məmmədovun futbolçularla münasibətlərində gərginlik yaranıb.
Vaxtilə «Neftçi»də işləmiş baş məşqçi I Liqanın 12-ci turunda «Zaqatala»ya 1:2 hesablı məğlubiyyətdən sonra komanda üzvlərinə «dişinin dibindən çıxanı» söyləyib.
Debütünün uğursuz alınmasından qəzəblənən mütəxəssis hirsini oyunçuların üzərinə töküb.
O, Zaqatalada keçirilmiş matçda iki sarı vərəqə alaraq 75-ci dəqiqədə meydandan uzaqlaşdırılan Elnur Mirzəyevin ünvanına xoşagəlməz ifadələr işlədib.
Məmmədov yenilginin müqəssiri kimi yarımmüdafiəçini göstərib. Həmçinin onu 500 manat miqdarında cərimələdiyini söyləyib.
Mirzəyev isə bütün bunlarla razılaşmayıb, baş məşqçinin cavabını verib. Komanda yoldaşlarından Xəyal Muradov da ona qoşulub.
Hər iki futbolçu Füzuli Məmmədova etiraz edərək, düşərgədən gedib.
Onlar baş məşqçiyə «Biz belə komandada oynaya bilmərik. Siz bura layiq deyilsiz. Azərbaycan futboluna lazım olmayan məşqçisiz» söyləyib.
F.Məmmədov bu hadisənin mediaya süzməsindən bərk narahat olub və əl-ayağa düşüb.
Hara gəldi, necə gəldi, açıqlamalar verib. Daş atıb başını tutub ki, bəs belə bir olay olmayıb, komandanda gül gülü, bülbül bülbülü səsləyir.
Əlbəttə, «Mingəçevir»i himayəsinə götürən ASTA-nın rəhbərliyi onu hələ yaxşı tanımır, xasiyyətini, xarakterini, necə çətin bir adam olmasını bilmir.
Füzuli Məmmədov bura xahiş-minnətlə, tanışlıqla götürülüb. Futbola yeni gəlmiş bu insanlara bir az vaxt lazımdır.
Düşərgədən qalmaqallı xəbərləri eşidincə, biləcəklər ki, Füzuli Məmmədov göründüyü və danışdığı qədər yaxşı idarəçi deyil. Zəhər yağan diliylə kollektivi elə bir-birinə vursun, gəl görəsən!
Onun yersiz tənqidlərinə məruz qalan Elnur Mirzəyev artıq «Baku Sportinq»ə keçmək üzrədir. Bu barədə Buzovna təmsilçisindən redaksiyamıza məlumat verilib.
Bildirilib ki, yarımmüdafiəçi komandanı dəyişmək istəməsiylə bağlı onlara müraciət edir, hazırda danışıqlar son mərhələdədir.
Xəyal Muradova gəlincə, o da «Mingəçevir»dən sənədlərini geri almaq fikrindədir. F.Məmmədov onu dilə tutaraq, burada saxlamağa çalışır. Az qala yalvarır ki, getməsin.
Çünki Xəyal komanda daxilində nüfuz sahibidir və baş məşqçi qorxur ki, adıçəkilən müdafiəçi ayrılsa, digərləri də düşərgə ilə vidalaşacaq.
SPORTİNFO.AZ