
AFFA İcraiyyə Komitəsinin yeni mövsümdən Premyer Liqada 12 klubun olacağın qərar verməsi birinci liqa klublarını sevindirməyə bilməz.
"Qəbələ"nin aşkar favorit olduğu liqada digərlərinə işıq ucu görünmürdü.
"Karvan" müəyyən qədər dirəniş göstərirdi. Çempionluq mübarizəsində olduğunu göstərməyə çalışırdı. Kənan Kərimovun kollektivi mövsümə əla start götürmüşdü. Geriləmədə "Qəbələ" ilə matçda hakimlərin yarıtmaz idarəçiliyi də az rol oynamadı.
Birinci Liqa səviyyəsində yaxşı maliyyə imkanları olan "İmişli" barədə eyni sözləri demək çətindir.
Aran təmsilçisinin nə göstərdiyi oyun, nə də nəticələri ürəkaçan deyil. İlk günlərdən çempionluq mübarizəsindən qopmağın da kökündə yaxşı heyətə rəğmən göstərilən məzmunsuz oyundu.
Gözləmək olardı ki, elitada klub sayının artırılması imişliləri də hərəkətə gətirəcək. Axı digər bölgələr kimi burada da futbolu sevirlər. Əbəs deyil ki, ev oyunlarında əksər vaxt ajiotaj yaşanır. Lakin bu dəfə gözləntilər özünü doğrultmadı
Əslində meydanda hər şey gözlənilən kimi oldu. Komanda layiqli oyunla ikinci olmaq yolunda əsas rəqibi olan "Karvan"ı məğlub etməyi bacardı - 2:0. Hər nə qədər təəccüblü olsa da futbolçular çətin gündə vacib qələbə qazana bildi.
Amma eyni sözləri meydandan kənarda başverənlər haqqında demək olmaz. Sanki "imişlilər üçün Premyer Liqa o qədər də maraqlı deyil" görüntüsü vardı.
"Karvan"la görüşə olan azarkeş "marağı" belə düşünməyə əsas verir.
Sevindirici qərar, vacib oyuna rəğmən İmişli şəhər stadionunda ehtimal olunan tamaşaçı axınını görə bilmədik.
Tribunalara cəmi 500 azarkeş təşrif buyurmuşdu. Bu say 8500 nəfərlik tutumu olan idman qurğusu üçün çox aşağı göstəricidir. Havanın əlverişsiz olması da saya təsir edə bilər.
Uzun müddətdir yüksək liqadan uzaq düşən "İmişli" geridönüş üçün heç vaxt olmadığı qədər yaxındır.
Belə məqamda tribunadakı mənzərə İmişli futbolsevərlərinə yaraşmadı. Ümid edək ki, qarşıdakı matçlarda mənzərə alışdığımız və gözlədiyimiz kimi olacaq.
XANOĞLAN İMANOV