“Qarabağ”ın yarımmüdafiəçisi İlham Hüseynov I Liqaya üz tutub.
19 yaşlı gənc “Karvan”la 5 ay + 1 il şərti ilə müqavilə bağlayıb.
“Kəpəz”in yetirməsi 2023-cü ildən “Qarabağ”ın sıralarında olub və əvəzedici komandanın şərəfini qoruyub.
Sol vinger və hücumçu mövqeyində çıxış edən 2005 doğumlu futbolçu cari mövsümün ilk yarısını “Qarabağ-2”nin sıralarında keçirməklə yanaşı, Qurban Qurbanovun diqqətini çəkərək, əsas komandanın məşqlərinə cəlb olunub.
O, göz qabağında olmaq və peşəkar statusa sahiblənmək niyyəti ilə Əvəzedicilər Liqasını I Liqaya dəyişib.
Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov Sportinfo.az-a açıqlamasında ona ümidlərinin böyük olduğunu bildirib:
“İlham gənc və perspektivlidir. Bir neçə gündür bizə qoşulub.
Görürəm ki, çox həvəslidir. Məşqlərdə yaxşı işləyir, özünü göstərmək istəyir.
Əsas heyətə düşməsi üçün ona vaxt lazımdır. “Difai“ ilə son oyunun ikinci hissəsində İlhama şans verdim.
45 dəqiqə oynadı, pis təsir bağışlamadı. İlhama bundan sonra oynamaq və təcrübə toplamaq lazımdır.
Biz onun potensialına bələd olduğumuz üçün komandaya cəlb etmişik. Bir ümddət sonra Birinci Liqanın ən yaxşı futbolçularından biri ola bilər“.