I Liqada mövsümün ikinci yarısı start götürüb.
Çempionluq uğrunda mübarizə aparan "Karvan" Yevlaxda "Difai"ni qəbul edib.
6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
2000 azarkeşin tamaşasına dayandığı matçı iki bölümə ayırmaq olar. Dövrələrarası fasilədə 10-ya yaxın futbolçu ilə vidalaşan «Difai» fasiləyədək əla təsir bağışlayıb.
Yerli publikanın təzyiqindən tez qurtulan qonaqlar ikinci və üçüncü zonada öz gücünü nümayiş etdirib. Bu mənada «fədailər»in hissənin sonunadək üç dəfə fərqlənməsi təsadüfi hesab olunmamalıdır.
Zədəli oyunçularının çoxluğuna və say cəhətdən ümumi heyətin boyunun qısalığına baxmayaraq, «Difai» qol pərdəsini erkən aralayıb.
Kristian Kamta - Muhammed Alfa cütlüyü ev sahiblərinin arxa zonasının başağrısına çevrilib.
Xaqani Məmmədovun çalışdırdığı komandanın qollarını da elə duet vurub. Kamerunlu dubla imza atıbsa, 19 yaşlı qanalı hücum ortağı 1 dəfə qapıya yol tapıb.
«Karvan» yalnız fasilədən sonra ayılmağa çalışıb. Hissənin tamamını hücumda keçirən yevlaxlılara Rövşən Rəcəbov da öz tərəfindən dəstək verib.
Adətən, hakimlər ev sahiblərinə simpatiya bəsləyir və biz bunu həmişə belə görmüşük. Lakin adını çəkdiyimiz referi simpatiyanın «doza»sını çox elədi.
Gözünü yumdu və sarı vərəqələri «Difai»nin futbolçularına payladı. Elə mübahisəli epizod olmadı ki, «Karvan»ın xeyrinə qərar verməsin.
Bir o qalmışdı ki, onlara qoşulub, hücumlara qoşulsun. İmkanı olsaydı, yəqin belə də edərdi.
Çünki görünürdü ki, «Karvan»ın ön xətt oyunçuları rəqibin cərimə meydançası daxilində heç nə edə bilməyincə, Rəcəbov necə əsəbiləşir. «Fit sahibi»nin bədən dili onu bir çox məqamda «ələ verdi».
Bununla belə, meydan yiyələri 90-cı dəqiqədə hesabı bərabərləşdirə bildi. Emil Qasımov cinah asmasını yaxın məsafədən başla qapıdan keçirərək, het-trikini rəsmiləşdirdi.
Sözügedən hücumçu matçın sonuna əlavə olunmuş 6 dəqiqə ərzində daha bir fürsət yaxaladı, onda da qapıçı Sahib Həsənov onunla üzbəüz dueldən qalib ayrıldı.
Bütün qüvvəylə geri çəkilmiş «fədailər»in daha bir dəfə bəxti gətirdi. Künc zərbəsindən sonra Xəyal Bədirovun tərs vuruşu qapı tirinə tuş gəldi.
Ümumən deməliyik ki, 90 dəqiqə olduqca maraqlı və dinamik keçdi. Yevlaxlı fanatların canfəşanlığı oyunu gözəlləşdirdi. D
urmaq və sakitləşmək bilmirdilər. Problem meydandadır.
Səthi tamamilə korlanmış, çala-çuxurla dolu, çayır otunun adda-budda göründüyü sahədə baxımlı futbol nümayiş etdirmək…
Doğrudan da, qəhrəmanlıqdır. Bunu hər iki komanda adına söyləməliyik.
Günahı da Peşəkar Futbol Liqasının boynuna! Təşkilatçı qurum çempionat oyununun bu cür meydanda təşkilinə icazə verirsə, sabah cavabdehliyi də onlar daşımalıdır. Çünki burada futbolçunun başına hər cür iş gələ, şikəst ola bilər.
12 turdan sonra 26 xal toplayan "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Difai" isə 8-ci yerdədir.
SPORTİNFO.AZ
"Karvan" - "Difai" 3:3
Qollar: Emil Qasımov, 5; 26; 90 // Kristian Kamta, 3; 45 (p.); Muhammed Alfa, 12
Yevlax şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Rəhman Aslanov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Ezekiel Morqan, 48 (qeyri-idman hərəkəti); Rəhman Şabanov,90+1 (qeyri-idman hərəkəti) // Qurban Hüseynov, 59 (qeyri-idman hərəkəti); Xəyal Bədirov, 66 (qeyri-idman hərəkəti); Yaqub Yusifov, 82 (qeyri-idman hərəkəti); Əbil Əbilov, 90+5 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 6 dəq.
“Karvan”
1. Kamran İbrahimov
10. Rəhman Şabanov
20. Roman Hüseynov
(9. İlham Hüseynov, 46)
42. İbrahim Qədirzadə
97. Emil Qasımov
3. İzzət Müştaqov (k)
4. Kənan Quliyev
8. Peter Kinqs
18. Elvin İsmayılov
17. Ezekiel Morqan
13. Əli Abdullayev
Ehtiyat oyunçular:
62. Məmməd Muradov
11. Maqsud Ələkbərov
22. Aref Mohammadalipur
21. Nika Çaçaşvili
66. Ceyhun Bağırzadə
Baş məşqçi: Kənan Kərimov
“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
(44. Yaqub Yusifov, 78)
6. Xəyal Bədirov
50. Qurban Hüseynov
(66. Arzu Atakişiyev, 62)
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə (k)
(17. Riad Abbaszadə, 86)
3. Əbil Əbilov
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
19. Muhammed Alfa
(24. Rəvan Əvəzov, 86)
Ehtiyat oyunçular:
85. Nail Alışov
7. Ceyhun Muxtarlı
10. Tahir Zeynalov
77. Əli Mürsəlov
5. Ömər Məmmədzadə
99. İlkin Hüseynov
Baş məşqçi: Xaqani Məmmədov