«Cəbrayıl» Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
I Liqada mübarizə aparan klub adını dəyişməyi planlaşdırması barədə çempionatın təşkilatçısı olan qurumu məlumatlandırıb.
PFL-dən redaksiyamıza verilən məlumata görə, aşağı liqanın debütantı bundan sonra «Cəbrayıl-Zəngəzur» adıyla çıxışını davam etdirmək istəyir.
Bunun da öz səbəbi var. Qarabağın eyniadlı rayonunu təmsil edən klubun məqsədi maliyyə çatışmazlığından qurtulmaqdır.
«Səbail»in baş məşqçisi Cavid Hüseynovun təsisçisi və prezidenti olduğu «Cəbrayıl» bir neçə aydır maddi yöndə böyük problemlər yaşayır.
Yerli İcra Hakimiyyətindən fərqli olaraq, rayonu niş adamları komandaya dəstək verməkdən imtina eləyib.
Əlqərəz, I Liqanın yeni iştirakçısı əsasən AFFA-nın onlara ayırdığı 300 min manatlıq illik yardımın ümidinə qalıb.
Bu üzdən klub rəsmiləri futbolçuların əməkhaqqısını 20 faiz aşağı salıb, digər xərcləri azaldıb. Qənaət prinsipinə məcburi keçid kollektiv daxilində ciddi narazılıq yaradıb.
Əksər oyunçular buradan ayrılmaq fikrinə düşüb. Elhad Nəzirinin baş məşqçi vəzifəsindən ayrılmasının kökündə də bu problemlər dayanır.
İndi isə «Cəbrayıl»ı himayəsinə götürməyə razılıq verən biznesmenlər tapılıb. Onların klub funksionerlərindən tək tələbi isə adla bağlıdır.
Şərt budur ki, əgər komanda «Cəbrayıl-Zəngəzur» adlansa, ona maliyyə ayıracaqlar.
SPORTİNFO.AZ