Birinci Liqanın debütantı "Cəbrayıl" üçün mövsüm pis keçmir.
11 turdan sonra aktivinə 14 xal yazdıran bölgə klubu mövsümün birinci yarısını 5-ci pillədə tamamladı.
Amma uğurlu nəticəyə rəğmən qış fasiləsində baş məşqçi istefası yaşandı.
Gənc mütəxəssis Elhad Nəziri region klubundan ayrıldı.
Maraqlıdır, bir anda belə addım atmağa nələr səbəb oldu?
Sualımızın cavabında Elhad Nəziri hər şeyə geniş formada aydınlıq gətirib:
"Mənə doğma olan bir klubdan ayrıldım. İlk gündən buradayam və əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.
Təkcə baş məşqçi olmamışam. Lazım olanda klubun ayaqda qalması üçün başqa işlərə də əl atmışam.
Açığı, ayrılıq mənə də xoş deyildi. Sadəcə hiss edirdim ki, növbəti aylar və ya növbəti turlar daha böyük skandal yaşana bilər. Bu səbəbdən ayrılmaq qərarı verdim.
Düzdü, hansısa böyük nəticəm yoxdur. Hələ işin başlanğıcındayam.
4 ay yiyəsiz qalan kollektivin hər şeyini özüm etməyə çalışdım. Bunu hər kəs bilir. Əlimdən gələn ən yaxşı şeyləri etdim.
Həkim olmadı həkimlik etdim, rəhbər olmayıb rəhbərlik etmişəm. Gücüm çatan maliyyə köməyin etmişəm. Özümdə olmayıb başqa adamlardan kömək istəmişəm.
Maliyyə problemləri olmasaydı nəticələrimiz daha yaxşı ola bilərdi. Maaşların kəsilməsi, rəhbərsiz qalmaq istər-istəməz komandaya təsir edirdi.
Məşqçinin çemodanı hər zaman yanında olur. Adətən nəticələr pis olanda olur. Amma mən belə qərarı gələcəkdə baş verəcəkləri düşünürək atdım.
Şahin müəllim, Cavid müəllim hər zaman mənə dəstək olub. Cəbrayıl rayonunun icra başçısı Kamal müəllim və bir neçə iş adamı müəyyən vaxtlarda bizə kömək edib. Səbuhi Səfiyarlı bir çox məsələlərdə dəstək olub. Hər birinə təşəkkür edirəm.
Rəhbərlik və futbolçulara gələcəkdə uğurlar arzu edirəm. Həyat davam edir. Özümüzə baxırıq. 1-2 klubdan təklif almışam. Amma hazırda nəsə demək çətindir. Gözləmə mövqeyindəyəm".
XANOĞLAN / SPORTİNFO.AZ