«Neftçi» PFK-nın sabiq prezidenti Sadıq Sadıqov «Difai»yə böyük jest edib.
Hazırda «Neftçi» İdman Klubunun İdarə Aparatının sədri olan tanınmış funksioner Qarabağ qazilərinin təmsilçisinə köməklik göstərib.
Belə ki, «fədailər» Ceyhun Muxtarlını sıralarına qatmaq üçün «Qaradağ Lökbatan»a müraciət edib.
«İnter»in (indiki «Şamaxı») yetirməsi olan yarımmüdafiəçi «Difai»nin təklifinə okey verib, ancaq belədə təzminat məsələsi gündəmə gəlib. Qarşı tərəfin rəsmiləri bu keçidin baş tutması üçün 10 min manat ödənilməsini istəyib.
Yalnız Sadıq Sadıqovun iradəsi transferin gerçəkləşməsində müstəsna rol oynayıb. «Qaradağ Lökbatan» «Neftçi» İdman Klubunun nəzdində fəaliyyət göstərdiyindən, ona müraciət olunub.
O isə prosesin gedişiylə maraqlanandan, məşqçilərin fikrini öyrənəndən sonra Muxtarlının keçidinin pulsuz baş tutmasına razılıq verib.
Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "ağ-qaralar" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb.
2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
SPORTİNFO.AZ