Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin sabiq üzvü Tərlan Quliyev karyerasını ikinci liqa təmsilçisi "Şəfa"da davam etdirəcək.
Ötən mövsümün sonu Premyer Liqanı Birinci Liqa klubu "İmişli"yə dəyişən təcrübəli müdafiəçinin indi də daha aşağı liqanın yolunu tutması gözlənilməz oldu.
Maraqlıdır, "Neftçi"nin yetirməsini bu addımı atmağa nə vadar edib?
Sportinfo.az-a açıqlama verən "Qarabağ"ın sabiq üzvü qərarını belə izah edib:
"İmişli"də hər şey məni qane edirdi. Komandanın kapitanı təyin olunmuşdum.
Sadəcə, ailə problemlərimə görə bölgədə qala bilməzdim. Bu səbəbdən qışda buradan ayrılacağım öncədən dəqiq idi.
Lakin belə məqamda "Şəfa"dan yaxşı təklif aldım. Şərtlər məni qane etdi. Çox düşünmədən müsbət qərarımı qarşı tərəfə bildirdim.
"İmişli" rəhbərliyi də sağ olsun məni anlayışla qarşıladı. Sabiq komandama da mövsümün ikinci yarısı uğurlar arzulayıram".
XANOĞLAN