I Liqada debüt mövsümünü keçirən “Cəbrayıl” dağılmaq təhlükəsi ilə üzləşib.
II Liqanın gümüş medalını qazanaraq pley-off mərhələsinə vəsiqə qazanan və burada «Saatlı-Araz»a iki dəfə qalib gələn Qarabağ təmsilçisi cari sezonun ortasında maliyyə problemi yaşamaqdadır.
Şahin Məmmədovun sponsorluq dəstəyini çəkməsiylə başlayanan çətinliklər artıq hamını bezdirib - həm məşqçiləri, həm də futbolçuları.
Himayədarsız qalan komandada daha heç kim qalmaq istəmir. İki ay öncə maaşları qəflətən azaldılan, onu da vaxtında ala bilməyən oyunçular indi növbəyə düzülüb - getmək üçün.
Klubdakı vəziyyətin kritik həddə çatması Cəbrayılın İcra Hakimiyyətinə (İH) də məlumdur. İcra başçısı Kamal Həsənova bununla bağlı hərtərəfli məlumat verilib.
O, «Cəbrayıl»lılardan vaxt istəyib. Başçının adından kollektivə bildirilib ki, yanvarın 10-12-si aralığında bütün suallara aydınlıq gətirəcək.
Məhz qarşıdakı günlərdə məlum olacaq ki, İH komandaya maliyyə dəstəyi verəcək, ya yox. Bu, birbaşa da ola bilər, hansıa yeni sponsoru kluba cəlb etmək vasitəsilə də.
SPORTİNFO.AZ