“İmişli”də bıçaq sümüyə dirənib.
Rəhbərlikdən narazı qalan futbolçular karyerasını bu klubda davam etdirmək niyyətində deyil.
İş burasındadır ki, mövsümün əvvəlində klub rəhbərliyi tərəfindən kollektivin üzvlərinə şirin vədlər verilib.
Uğurlu nəticələrə görə gecikməyən mükafat, maaşların vaxtı-vatında verilməsi, şəraitli məskunlaşma və idmançılar üçün nəzərdə tutulmuş qidalanma.
Aylar keçsə də, verilən söz elə söz olaraq göydən asılı qalıb. Vədlərin heç biri yerinə yetirilmir. Şikayətçi tərəfin redaksiyamıza verdiyi məlumata görə, bir neçə gün əvvəl otaqda siçan görünüb.
Nahar və şam yeməkləri zamanı yeməkxanadan əksər vaxtlarda makaron və vermeşil qaynatmasının qoxusunun gəlməsi də narazıları boğaza yığıb. Xəmir yeməklərdən cana doyublar.
Klubda baş qaldıran kütləvi narazılığın nəticəsi kimi futbolçular “İmişli”ni tərk etmək niyyətindədir. Lakin rəhbərlik “yaxşı olacaq” vədi ilə günü günə satır.
Maraq üçün bildirək ki, I Liqanın iddialı təmsilçisi ilk dövrədən sonra topladığı 21 xalla 3-cü pillədə qərarlaşıb ki, bu göstəricidə lider “Qəbələ”dən 8 xal geridədir.
HƏBİB / SPORTİNFO.AZ