COP29

Azərbaycanda keçirilən oyunda sona 1 dəqiqə qalmış elə hadisə baş verdi ki… VİDEO

09:40 I Divizion 1 139
Azərbaycanda keçirilən oyunda sona 1 dəqiqə qalmış elə hadisə baş verdi ki… VİDEO

I Liqada 11-ci tura yekun vurulub.

İlin son oyun günündə «Difai» ilə MOİK Şamaxıda üz-üzə gəlib.

Yerli Olimpiya Kompleksində keçirilən qarşılaşmanı iki hissəyə bölmək olar - fasiləyədək və ondan sonra.

Birinci hissə əsasən «Difai»nin üstünlüyü şəraitində başa çatdı. Xaqani Məmmədovun çalışdırdığı komanda ilk yarıda ən yaxşı oyunlarından birini oynadı, qonaqlara göz açdırmadı.

Mərkəzdə topu idarə edən, həm cinahlardan, həm də orta sahədən düşünülmüş hücumlar quran «fədailər» rəqibin cərimə meydançası həndəvərində «keşik çəkirdi».

Demək olar hər şey edirdilər, çatışmayan yalnız qol idi. Kristian Kamta, Xəyyam Məmmədli və digərləri həlledici məqamlarda topla səliqəli hərəkət etsəydi, ikinci yarı tamamilə fərqli məcrada keçəcəkdi.

«Difai»nin dominantlığı 53 dəqiqə davam elədi. Bəşir Ayralovun künc bayrağı tərəfdə yol verdiyi yersiz hərəkət ikinci sarı vərəqəni almasıyla nəticələndi.

Bundan az sonra MOİK künc zərbəsi vurmaq hüququ qazandı və Fərid Abbaslının başla endirdiyi zərbə Əzəmət Ələkbərliyə dəyərək tora daxil oldu.

«Difai» hesabda geri düşsə də, fürsət düşdükcə həmlələrin davam etdirirdi. Belə məqamların birində Xəyyam Məmmədlinin fərqlənmək imkanı var idi, di gəl, «Qəbələ»dən icarəyə götürülmüş hücumçu qapıçıyla üzbəüz qaldığı epizodda topu uzaq küncə fırlatmadı, Zeynal Əhmədzadənin sinəsini nişan aldı.

Nominal ev sahibləri 73-cü dəqiqədə daha bir «soyuq duş» aldı. Kapitan Seymur Əliyevin rəqibə sərt müdaxiləsi qırmızı vərəqə kimi qiymətləndirildi.

Halbuki referi Vüqar Həsənli «sarı» ilə kifayətlənmişdi, o, yalnız dördüncü hakim Niyaz Əhmədovun təkidindən sonra müdafiəçini vaxtından əvvəl paltardəyişmə otağına yollandı.

«Fit sahibləri»nin qərarı MOİK-in üstündən sanki dağ götürdü. Artıq meydanda istədiyini edən bir komanda var idi, o da qonaqlar idi. MOİK-in ikinci, üçüncü qolu vurmaq üçün imkanlar yaxaladığını qeyd etməliyik.

Final fiti «hərbiçilər»in 1:0 hesablı qələbəsini rəsmiləşdirdi. Amma… «Fədailər» bu matça görə AFFA-dan 0:3 hesablı texniki məğlubiyyət alacaq.

Səbəb adı görüşün iştirak ərizəsinə salınmayan futbolçunun meydana çıxmasıdır.

Belə ki, «Difai» 90+3-cü dəqiqədə Tahir Zeynalovun xidmətindən istifadə edib.

Bu məsələyə yaxın günlərdə AFFA-nın İntizam Komitəsində baxılacaq.

SPORTİNFO.AZ

"Difai" - MOİK 0:1

Qol: Əzəmət Ələkbərli, 61 (ö.q.)

Şamaxı OİK stadionu. 40 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Bəşir Ayralov, 29; 53 (qeyri-idman hərəkəti) // Elton Əlibəyli, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Xaqani Məmmədov, 73 (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Bəşir Ayralov, 53; Seymur Əliyev, 73 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Difai”
1. Sahib Həsənov
6. Əzəmət Ələkbərli
55. Seymur Əliyev (k)
27. Tolqar Yaqubov
17. Riad Abbaszadə
(3. Əbil Əbilov, 57)
73. Bəşir Ayralov
2. Seymur Rəhimov
8. Emil Quluzadə
(90. İlham Allahverdiyev, 90+3)
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
(5. Kamil Hüseynov, 76)
19. Muhamməd Alfa
(66. Arzu Atakişiyev, 90+3)
Ehtiyat oyunçular:
85. Nail Alışov
77. Əli Mürsəlov
44. Sərcan Omarov
24. Rəvan Əvəzov
Baş məşqçi: Xaqani Məmmədov

MOİK
1. Zeynal Əhmədzadə
77. Cavid Tağıyev
(9. Cavidan Abbaszadə, 84)
22. Ülvi İbazadə
97. Fərid Abbaslı
15. Nihad Tamazov
10. İbrahim Əliyev
(17. Xəqani Sadıxov, 90+1)
5. Nihad Qurbanlı (k)
23. Vüsal Əsgərov
11. Balamirzə Soltanov
(8. Ramil Orucov, 79)
20. Nurlan Bayramov
(13. Elton Əlibəyli, 46)
6. Rüstəm Hümbətov
Ehtiyat oyunçular:
32. Murad Ağamalıyev
25. Elşən Abdullayev
7. Fərid Kərimzadə
66. İlqar Nuruşov
53. Elnur İbrahimov
3. Mirəli Əhmədov
Baş məşqçi: Qəzənfər Abbasov

Digər Xəbərlər
Xəbər Lenti