COP29

Bölgə klubunun baş məşqçisindən TƏHLÜKƏLİ ÇAĞIRIŞ!

3 Dekabr 19:20 I Divizion 400
Bölgə klubunun baş məşqçisindən TƏHLÜKƏLİ ÇAĞIRIŞ!

Birinci Liqanın 8-ci turu liderin dəyişməsilə yadda qaldı.

Doğma divarlar arasında "Qəbələ"yə uduzan (0:1) "Karvan" zirvəni "qırmızı qaralar"a təhvil vermiş oldu.

Məğlubiyyətlə barışmayan Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov oyundan sonra mətbuata verdiyi sərt açıqlama ilə yadda qalıb:

"Belə təyinatları kimin etdiyini bilmirəm. Amma istədikləri komandanı məhv edib, sındırırlar. Həm günahkardırlar, həm də güclü! İnanmıram ki, “Qəbələ” belə hakimlərin ümidinə qalsın. Qoy kim güclüdürsə, o da qalib gəlsin. Referilər şou göstərirlər.

Uşaqdan böyüyə kimi hər kəs referinin niyyətini açıq şəkildə görürdü. Buna görə niyə də etiraz etməsinlər? Hakim orada söyülməli deyil, hətta döyülməliydi”.

Onsuz da həkimlərimizin bərbad idarəçiliyi hamının əsas müzakirə mövzusudur.

Belədə bir baş məşqçinin hakimlərin idarəçiliyinə etiraz etməsi də normaldı.

Amma bu tərzdə üsyan etmək qəbuledilməzdir.

Əvvəla Kərimovu narazı salan epizodlar müzakirəyə açıqdır.

Bərbad stadionunda çəkilən keyfiyyətsiz çəkilişə əsasən baş hakim Tural Qurbanovun səhv etdiyini iddia etmək çətindir.

Bunu da keçdik. Tutaq ki, referinin penal verməli olduğu halda fiti həqiqətən susub. Və bununla da "Karvan"ın əsas rəqiblə matçda bərabərliyi əlindən alınıb.

Axı belə olan halda da gənc mütəxəssisin bu şəkildə aqressiv çıxışı yersizdir.

Xüsusilə "Hakim orada söyülməli deyil, hətta döyülməliydi" ifadəsi peşəkar məşqçiyə yaraşmır.

Bu, oda benzin tökməkdir. Fanatları hakimi döyməyə təşviq etməkdir.

Çılğın azarkeşlər bu ifadədən ilham alıb, növbəti dəfə hansısa matçda hakimi döysə necə olacaq? Bunun məsuliyyətini Kənan Kərimov daşıya biləcəkmi?

Təbii ki, yox.

Ona görə də ictimaiyyət önündə fikir səsləndirəndə diqqətli olmaq mütləqdir.

Ölkə çapında kifayət qədər yaxşı futbolçu karyerası olan, artıq məşqçilikdə də az təcrübə sahibi olmayan Kərimov gərək bunu çoxdan öyrənərdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti