I Liqada mübarizə aparan «İmişli» baş məşqçi axtarışına çıxıb.
Klub rəhbərliyi yayda sükan arxasına gətirdiyi Fərid Namazovun fəaliyyətindən narazıdır və onu başqasıyla əvəzləmək planını icra etməyə hazırlaşır.
Artıq 3 mütəxəssislə danışıqlar aparılıb və onların fikirləri öyrənilib.
Aran təmsilçisi ilk 5 turda qeyri-sabit çıxış edib. Üç qələbə qazanan komanda «Baku Sportinq» və «Karvan»a uduzub.
9 xala malik kollektiv turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Lider «Karvan»dan 7 xal geri qalan «İmişli»ni gələn tur «Qəbələ» ilə çətin səfər matçı gözləyir.
Premyer Liqa yolunda əsas rəqiblərindən sayılan «qırmızı-qaralar»a da uduzsalar, bu, Kamran Eyyubovun səbr kasasını daşıracaq.
O, prezidenti olduğu kluba mövsümlərarası fasilədə kifayət qədər büdcə ayırıb.
İş adamının ayırdığı vəsait sayəsində düşərgəyə I Liqa çapında kifayət qədər ödənişli futbolçular cəlb olunub. Şərait baxımından vəziyyət ideala yaxındır.
SPORTİNFO.AZ