COP29

Komandası darmadağın olan baş məşqçi: “Qorxurduq ki...”

17 Oktyabr 19:40 I Divizion 922
Komandası darmadağın olan baş məşqçi: “Qorxurduq ki...”

I Liqa təmsilçisi “Baku Sportinq” Premyer Liqanın iştirakçısına güc gələ bilmədi.

Bazar günü “ASCO Arena”da baş tutan qarşılaşmada “Səbail” rəqibinin qapısından 3 cavabsız top keçirməklə səviyyə fərqini göstərdi.

Hesab arasındakı fərq böyük olsa da, yoldaşlıq görüşündən sonra “Baku Sportinq”in baş məşqçisi Elman Sultanov məyus görünmürdü. Əksinə, əhvalı yerindəydi.

Sultanov həm oyunla bağlı fikirlərini dilə gətirdi, həm də gördüklərindən sevindiyini gizlətmədi:

“Mənim üçün önəmli olan futbolçuların Premyer Liqa ilə I Liqa arasındakı fərqi hiss etməsi idi. Düzdür, bu matç bizə lazım idi.

Ancaq digər tərəfdən çətin səfər oyunundan əvvəl kim(lər)insə zədələnəcəyindən qorxurduq. Tapşırmışdım ki, nə siz xəsarət yetirin, nə də imkan verməyin sizi zədələsinlər.

0:3 hesabı ilə uduzsaq da, bu matç bizim üçün yaxşı dərs oldu. Sizə deyim, hətta 0:5 də uduza bilərdik.

Liqaların səviyyəsini və komandamızın sıfırdan yarandığını nəzərə alsaq, bu, normaldır. Digər tərəfdən, yaxşı vəziyyətdə olmayan təbii örtükdə məşq edirik, oynayırıq.

Bu gün süni qazonda mübarizə aparırdıq. Başa düşdüm ki, komandam keyfiyyətli meydanda daha yaxşısını etməyə qadirdir.

Böyük hesabla məğlub olsaq da, komandamın oyunundan və göstərilən əzmkarlıqdan çox razı qaldım. İkinci hissədə meydana daxil olan gənc futbolçular da məni çox sevindirdi.

Fürsətdən istifadə edib başda Şahin Diniyev olmaqla “Səbail” rəsmilərinə bu oyunun keçirilməsinə görə təşəkkür edirəm”.

I Liqada iştirak edən “Baku Sportinq” 4 turdan sonra topladığı 4 xalla 10 komanda arasında 6-cı pillədə yer alıb.

“Səbail” isə Premyer Liqada 7 xalla 7-ci sıradadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti