Ötən həftə “Mingəçevir”də müəyyən ayrılıqların yaşanması haqda xəbər vermişdik.
Avqust ayı üzrə müqavilədə göstərilən əməkhaqqının düzgün formada bölüşdürülməməsi işçilərin bəzilərini narazı salmışdı ki, onlar klubdan ayrılmaq qərarını vermişdi.
Mingəçevirdən redaksiyamıza ötürülən məlumatda qapıçılar üzrə məşqçi Elnar Kərimovla bir neçə əməkdaşın klubu tərk etməsi bildirilmişdi.
Üstündən təxminən bir həftə keçəndən sonra “Mingəçevir”in köhnə-yenə mətbuat katibi Elnur Qasımov redaksiyamızla əlaqə saxlayaraq xəbəri təkzib etdi:
“Mingəçevir” Futbol Klubunun adından bildirmək istəyirəm ki, klubda heç bir ayrılıq baş verməyib. Hamı öz işinin başındadır.
Kimə nə qədər maaş vəd edilibsə, həmin məbləğ də ödənilib. Avqust ayının məvacibi ödənilib”.
Ödənilibsə, nə gözəl. İndiki dövrdə işçilərin işsiz qalmasını kim istəyər?
Maraqlıdır ki, klubun mətbuat katibi sentyabrın 25-də dərc olunan xəbərə niyə bu qədər gec reaksiya verir? Bəlkə problem saytımızda işıqlandırılandan sonra öz həllini tapıb? Ola bilər, hə?
HƏBİB / SPORTİNFO.AZ