“Çempionat başlamamışdan əvvəl rəhbərliklə razılığımız komandanı I Liqada saxlamaq barədə olmuşdu”.
Bir neçə gün əvvəl “Qaradağ Lökbatan”dan ayrılan Azər Həşımov Sportinfo.az-a açıqlamasında istefaya göndərilməsi barədə danışıb.
Ötən il Premyer Liqaya yüksəlməyin bir addımlığında olan qəsəbə təmsilçisi yayda ciddi dəyişikliklərə məruz qaldı. Aparıcı futbolçuılar kollektivi tərk edincə, “Qaradağ Lökbatan” yenidən quruldu.
Mövcud durumu nəzərə alan klub rəhbərliyi çempionat başlamamışdan əvvəl baş məşqçi ilə söhbət edərək qarşısına hədəf qoyub – liqadakı yeri qorumaq.
Lakin komandanın 3 tur ərzində qol vura bilmədən xalsız qalması başbilənləri sərt qərar verməyə məcbur edib.
Həşimovu dinləyək:
“Ötənilki heyətdən cəmi dörd futbolçu qalmışdı. Komanda yenilənsə də, rəhbərliyə söz vermişdim ki, “Qaradağ Lökbatan”ı I Liqada saxlayacam.
Çempionatın startında təqvim bizim üçün ağır oldu. Liqanın ən iddialı komandaları ilə qarşılaşdıq – “Karvan”, “Qəbələ”, “Zaqatala”. Düzdür, bütün oyunlarda məğlub olduq.
Ancaq mən yenə sözümün üstündəydim. Qarşıda bizi 24 oyun gözləyirdi və qarşıma qoyulan hədəfin öhdəsindən gələcəyimə 100 faiz əmin idim.
Rəhbərlik belə qərar verdi, mən də hörmətlə yanaşdım. “Qaradağ Lökbatan”a gələcəkdə uğurlar arzulayıram”.
3 turdan sonra aktivində qol və xal olmayan Lökbatan təmsilçisi 10 komanda arasında sonuncu pillədə yer alıb.
HƏBİB