"Tovuzdakı ilk oyunumuzu başqa cür düşünmüşdük, amma tam başqa şeylər oldu".
Bu fikirləri Sportinfo az-a açıqlamasında "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.
Xəbər verdiyimiz kimi, İmişli şəhər stadionunda təmir işləri aparıldığından yerli komanda bir müddət doğma meydandan uzaq düşməli olub.
Belədə klub rəhbərliyi rəqiblərini qəbul etmək üçün Tovuz şəhər stadionuna üz tutmalı oldu. Amma qərar futbol ictimaiyyətində bir mənalı qarşılanmadı.
Çünki İmişliyə daha yaxın məsafədə bir neçə arena olduğu halda, 300 km uzaqlıqda yerləşən Tovuza getmək hardan baxsan absurd görsənir.
Klub rəsmisi məsələyə belə aydınlıq gətirib:
"Əsas səbəblərdən biri odur ki, İmişlidən Bakı və Tovuza eyni məsafədir. Paytaxtda hazırda Formula-1 yarışı keçirilir.
Düşündük ki, sakit bir yer olsun. Bəli, məsafə baxımından
Saatlıda yerləşən stadion bizim üçün ən əlverişli stadiondur. Həm də xərclər baxımından. Lakin oranın örtüyü yaxşı vəziyyətdə deyil.
Tovuza getmək əlavə xərcdir. Oyun alınmadımı deyək, ilk oyunun həyəcanı idi deyək bilmirəm.
Amma uduzduq. Tovuzdan iki yetirməmiz var. Onlara da yaxın olar və öz evlərində oynaması bizə faydalı olar düşündük.
Təəssüf ki, düşündüklərimiz alınmadı. Normal oyun keçirsək də xal qazana bilmədik".
XANOĞLAN