"Füzuli" klubunda yaşanan maaş qalmaqalı ilə bağlı sizə məlumat vermişdik.
Klub rəhbərliyi ötən mövsümdən futbolçulara olan borcunu ödəmir.
Bu dəfə klubun sabiq üzvü olan və haqsızlıqla üz-üzə qalanlar arasında yer alan Elvin Mirzəyev redaksiyamızla əlaqə saxlayıb.
O, özünün və komanda yoldaşlarının başına gələn olayları bizə nəql edib:
"Yazılanlar hamısı həqiqətdir. Mən də özümə borc bildim ki, sizinlə əlaqə saxlayım. Mən və bir neçə komanda yoldaşım "Füzuli" rəhbərliyinin fırıldağı ilə üz-üzə qalmışıq.
Ötən ildən yığılıb qalan maaşlarımız verilmir. Baş məşqçi ilə bizə söz göndəriblər ki, haqqınızı halal edin, bəs pulları verə bilmirik.
Premyer Liqada oynamırıq ki, 5000-10000 maaş alaq. Gördüyümüz 500-600 manatdır. Əlavə işdə işləyə-işləyə İkinci Liqada başımızı qatırıq. Məsələn, mən gecələr işləyir, gündüzlər də oyunlara gedirəm.
Yanvar ayında dedilər ki, komanda 15-i yığıldığı üçün yarım ayın maaşı olacaq. Sonra heç onu da vermədilər.
Davamında dedilər ki, maaş aylıq olmayacaq. Hər oyun sonrası pul paylanacaq.
Son aylar ümumiyyətlə verilməyib. Məşqçi də deyir ki, sponsor vermir, siz də halal edin getsin.
Özlərinə də demişəm ki, pulumu almaq üçün hara lazımdır müraciət edəcəm. Çünki bu adamlar Azərbaycan futbolunda fırıldaqçılığın yeni növünü yaradıblar.
AFFA pul ayırır, sponsor kömək edir. Amma rəhbərlik futbolçularla danışdığından aşağı məbləğdə maaş ödəyirlər. Sonra da bildirirlər ki, pul yoxdur. Büdcə sıfırlanıb. Halallıq verin. Belə halallıq olur?
Bu cür yollara əl atan təkcə "Füzuli" deyil. Son illər bu yola əl atan klublar çoxdur. Mən öz adımdan danışıram. Lakin tək deyiləm.
Komanda yoldaşlarımdan da eyni aqibətlə üz-üzə qalanlar çoxdur. Sadəcə hara əl ataq, kimdən kömək istəyək bilmirik".
SPORTİNFO.AZ