
«Mingəçevir»in yeni rəhbərliyindən şikayətçilərin sayı durmadan artmaqdadır.
ASTA himayəsinə götürdüyü klubun keçmiş məşqçi və futbolçularına münasibətdə sayğısız davranmaqdadır.
Sponsor təşkilat bu ilin yanvarında düşərgəsindən uzaqlaşdırdığı mütəxəssis və oyunçuların müqavilə öhdəliklərini yerinə yetirmir.
Biz daha öncə Elnar Kərimovla bağlı olayı işıqlandırmışdıq (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/215605.html).
2024-cü ilin avqustunda klubla 10 aylıq kontrakt bağlamış məşqçinin iki dəfə aldadılmasını üzə çıxarmışdıq. Ədahim Niftəliyevin qapıçılar üzrə köməkçisi 700 manat maaş almalı olduğu halda, ona cəmi 400 manat ödənilib.
Üstəlik, bu ilin yanvarında komandadan kənarlaşdırılıb. İndi «Mingəçevir» başbilənləri Kərimovun nə əvvəlki borcunu qaytarır, nə də təzminatını ödəyir.
Yerli çalışdırıcını məcbur etməyə çalışırlar ki, gəl, kontraktı poz, yoxsa bunu sənin yerinə özümüz edəcəyik. O da öz növbəsində saytımız vasitəslə AFFA-ya üz tutub, məsələnin araşdırılmasını istəyib.
Bu arada redaksiyamıza həmçinin məlum olub ki, E.Kərimov «Mingəçevir» rəsmilərinin yeganə qurbanı deyil. Buradan kənarlaşdırılmış daha 4 nəfər öz halal pullarını ala bilmirlər.
Öncəki baş məşqçinin fiziki hazırlıq üzrə yardımçısı Namiq İbrahimli, futbolçulardan Elvin Əsgərov, Fuad Əhmədov və Rüstəm Quluzadəyə təzminat ödənilmir.
SPORTİNFO.AZ