"Zirə"də nə fikirləşirlər indi?

Əvvəllər də yazırdıq ki, "Zirə" böyümək üçün ilk şansını hələ ötən mövsüm buraxmışdı. Artıq medalçı olacağını da bilə-bilə ehtiyatı əldən vermirdi. Bu dəfə isə tam fərqli futbol üçün nə yetərli heyəti oldu, nə də məşqçi düşüncə tərzi.

 

Adil Şükürov ayrılmalı idi. Göndərməyə gecikdilər onu. Daha öncə şələ-küləsi qoltuğuna vurulmalıydı. Adam gərək bacarjığı işin qulpundan yapışsın. Allah yaxşı ki, dəvəyə qanad verməyib, yoxsa yeri-göyü uçurardı. 


Şükürovun istənilən Premyer Liqa klubunun sükanı arxasına keçməsinə çox var. Hələ birinci dəstədə çalışmalı, təcrübə toplamalı, yaxşını pisdən, pisi yaxşıdan ayırmağı bacarmalı, tükü-tükdən seçməyi öyrənməlidi. Bir rəhbər Şükürovu baş məşqçi təyin edirsə, şərti şumda kəsməlidi: "komandaya məşqi sən keçsən də, transfer siyasətinə qarışmayacaqan".

 

Ona bunu da etibar edərsən, barmaqların qapı arasında qalacaq.

 

Yox ki, futboldan, futbolçudan bixəbərdi. Tanımağına tanıyır. Adi bir azarkeş kimi. Mütəxəssis biri kimi deyil. Seleksiya fəaliyyətinin "bəhrə"si cari mövsümün ilk yarısında üzə çıxdı - çürük. Ölkə kubokunda yarımfinala vəsiqə qazanmadılar, ələndilər. Premyer Liqada da medalçılar qrupundan xeyli aralı düşüblər. 


“Zirə” mövsümün ikinci hissəsinin hazırlığına dünən start verib. Komanda yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. Yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcəklər. Yanvarın 14-də əvəzedici heyətlə yoxlama oyunundan (saat 14:00) sonra 1 günlük istirahətə buraxılacaqlar.


Yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcəklər. Qardaş ölkədə 2 yoxlama oyununda qüvvəsini sınayacaqlar. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Ayın 18-də keçirilməsi planlaşdırılan görüş üçün rəqibin adı yaxın günlərdə məlum olacaq. Komanda Türkiyədən yanvarın 23-də dönəcək. 


Antalya toplanışı cəmi 1 həftə çəkəcək. Onun da 1 günü yollarda keçəcək. Görünür ki, maliyyə çətinliyi "Zirə"də də hiss olunmağa başlayıb, özü də güclü. Dur burdan Türkiyəyə get, 2 yoxlama görüşü keçir və qayıt – baş aldatmaq deyilmi bu? Abbasovdan nəticə, yəni, avrokuboklara bilet tələb olunur. 7 günlük toplanışla hədəfə çatmaq, bunadək isə komandanın çatışan-çatışmayan problemlərini bilmək mümkündümü? Yeni baş məşqçi rəhbərliyə etiraz etməyə tələsməsə də, yəqin ki, bu sualı öz-özünə verib. Nə qənaətə gəldiyi bizə də maraqlıdı… 


RƏŞAD

Tarix: 7 Yanvar 11:24    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.