"Həddini aşma, məni tanıyanlar bilir ki, təhqirlə aram yoxdu!"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov sportal.az-a açıqlama verib. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis komadasının avrokubok şanslarını dəyərləndirib: “4-cü pillədən Çox da geri qalmırıq, 1 xal fərqimiz var. “Neftçi”, “Kəpəz”, “Zirə” və biz bu mövqe üçün canımızı qoyuruq. Biz son iki turda “Qəbələ” və “Qarabağ”la qarşılaşacağıq.

 

“Qarabağ”dan xal götürmək mümkünsüz kimi görünür. Amma o mümkünsüzü reallaşdırmaq istəyirik. “Qarabağ”dan götürəcəyimiz 1 xal bizə çox kömək edəcək. “Zirə” ilə matçda 90+4-cü dəqiqədə buraxdığımız qol nəinki bizi, bütün Sumqayıt əhlini şoka salmışdı. Nə edək, qismət. Alınmadı ki, alınmadı”.
 
Samir Abasov “Zirə” ilə qarşılamanın (1:1) son dəqiqələrində penaltiyə səbəb olan Ayaz Mehdiyevdən də danışıb: “O uşaq bu dəqiqə elə bir vəziyyətdədir ki, çamadanını götürüb Sumqayıtdan qaçmaq istəyir. O qədər təzyiqlər var ki, ona. “Zirə” ilə qarşılaşmaya böyük maraq var idi. Ömrüboyu futbola baxmayan, ancaq “Sumqayıt”ın adını eşidən, amma oyununu izləməyənlər belə gəlmişdilər dəstək olmağa.

 

Bir sözlə, hamı bu oyunla oturub-dururdu. Təbii ki, irad tutdum ki, buna gərk yox idi. Amma uşağı çox sıxışdırmıram, futboldu, olan şeydi. Həmin oyunu udsaydıq belə, 4-cü pilləni qarantiləmirdik, amma vəziyyətimizi yaxşılaşacaqdı. Mümkünsüz görünür, amma sona qədər mübarizə aparıb, uğur qazanmaq istəyirik”.
 
Samir Abasovu hamımız çılğın məşqçi kimi tanıyırıq. Bir neçə dəfə Abasov qalib gəldikləri oyundan sonra futbolçulara məşq elətdirib. İntizamsız futbolçunu isə dərhal əvəzedici heyətə göndərir. Sosial şəbəklərdə məşhur səhifələrdə 39 yaşlı mütəxəssisin xarakterini “Qalatasaray”ın çalışdırıcısı İqor tüdora bənzədənlər çoxdur. Samir Abasovun  bu fikirlərə münasibəti belə olub:
 
“İqor Tüdorun oynadığı Xorvatiya yığmasına həddən artıq simpatiyam olub. O komanda mənim favoritim idi. Hətta heyətlərini əzbər də saya bilərəm. Amma mən İqor Tüdorun komandasını görməmişəm. Sadəcə, son həftələrdə eşitmişəm ki, “Qalatasaray” “Başakşəhər”ə 0:4 uduzundan sonra Tüdora təzyiqlər çoxalıb. Onun məşqçiliyindən xəbərim yoxdu, məşqçi kimi tanımıram. Azarkeşlərin, insanların fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Təki, bizi yaxşılara oxşatsınlar”.
 
Samir Abasov bəyəndiyi baş məşqçilərin də adını açıqlayıb: “Çoxdankı arzumdu ki, “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri və “Liverpul”un çalışdırcısı Yurgen Kloppdan nəsə öyrənim. Çünki öyrənməyə çox can atan insanam. Onlara böyük simpatiyam var. Kloppun özü kimi, komandası da aqressivdi. Futbolçulara möhtəşəm motivasiya edir. Alleqri isə taktiki cəhətdən çox güclüdür. Öyrənmək istəyən insan bu iki şəxsdən çox şey götürə bilər”.
 
Samir Abasovun məşqlər zamanı futbolçularla etik cəhətdən düzgün danışmadığı xəbərləri yayılır. Abasov bu məsələ ilə də bağlı danışıb: “Sosial şəbəkələrdə hər insan sərbəstdi. Kim istəsə tənqid və ya tərif edir. Bir sözlə, kimin mədəniyyəti nəyə imkan verirsə. Kimisə təhqir etmək fikrim yoxdu. Sadəcə, etirazlar edirəm. Hamı bilir necəyəm. Təcrübəli futbolçuya qarşı da beləyəm, cavanına qarşı da. “Lester Siti” heç vaxt çempion olmamışdı. Amma Klaudio Ranyeri komandaya gəldi və bunu bacardı. Onun istefasından sonra Leonardo Ulloa adlı futbolçusu sosial şəbəkəsində paylaşım edərək buna sevindiyini qeyd etmişdi. Və bildirmişdi ki, yaxşı ki, getdi. Azarkeşlər fərqli düşünürdülər. Ranyeriyə heykəl ucaltmaq qərarını veriblər. Yəni, fərqlər çoxdu.

 

Hamı hər kəs tərəfindən bəyənilə bilməz. Bizim komandamız mehribandı. Ehtiyatda oturan futbolçudan tutmuş, əsas heyətdə olan oyunçuda fərq qoyulmur. İndi son zamanlar belə xəbərlər yayılır. Amma deyim ki, söyüşdən söyüşə də fərq var. Adam çox əsəbi olanda, yüngül söyüş çıxa bilər. İnanın mənə, bu, hər yerdə var. Xaricdən tutmuş, bizim çümpionata kimi. Məni tanıyanlar da bilir ki, təhqirlə aram yoxdu. Gərək, həddini aşmayasan. Amma belə olan halda məşqçini xalq düşməni etməyəsən. Məsələn, Nicat Muxtarov 1 epizoda görə Əliayar Ağayevlə hava şəraitini söyüb-batırdı. Bəs indi biz nə edək?”.

Tarix: 21 Aprel 12:36    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.