"O, gələndən sonra komandada sistem dağıldı, aşağı yuvarlandıq" - MÜSAHİBƏ

MOİK-də kütləvi qovulma baş verib. Aprelin 8-də evdə "Mil-Muğan"la (0:2) keçirilən görüşdən sonra "hərbiçilər"də "təmizləmə" işləri aparılıb. 10 futbolçu yola salınıb, sonra 2-si geri qaytarılıb. Nə baş verib? Bu gözlənilməz qərarın arxasında nə dayanır? Bəlkə AFFA-nın danışılmış oyunlarla bağlı araşdırmasının davamı? Bəlkə komandadaxili qruplaşmaların kökünü kəsmək məqsədilə? Bəlkə… Olduqca müəmmalıdı. Sportinfo.az olaraq sualların cavabını tapmaq istədik. Müsahibimiz MOİK-in müdafiəçisi Bayram Kərimovdu.


- «Mil-Muğan»la oyundan sonra hamımız dilxor vəziyyətdə gəldik paltardəyişmə otağına, bir az keçdi, rəisin köməkçisi Şahin müəllim girdi içəri. Əlində də siyahı. Adları oxudu, dedi, bu futbolçular komandadan azaddı. 10 nəfərin adını çəkdi, mən də onların içində. Şokda idik, bilmədik nə məsələdi. Quruyub qaldıq yerimizdə.

 

Səbəbini izah etmədilər?
- Şahin müəllim dedi ki, bu, rəisin qərarıdı. Komandamızın 3-4 aparıcı futbolçusu Rəşad Quliyevin qəbuluna getdi. Vitse-kapitan olsam da, məni qəbul etmədi. O görüşdən sonra özüylə bir də danışdım, görüşdük. Rəisin sözü bu oldu ki, qərarı mən vermişəm. Səbəbini açıqlamadı. Çox xahiş elədim, yenə demədi. Bugünün özündə də mənə qaranlıq qalıb ki, bu addımı hansı səbəbdən atdılar. Peşəkarlıq cəhətdən götürsək, üç tur sonra komandada dəyişiklik edə bilərdilər. Gözləyərdilər çempionatın başa çatmasını, deyərdilər ki, daha lazım deyilsiz, biz komandanı gəncləşdiririk. 

 

Komandanın baş məşqçisi var. Ramil Əliyev futbolçuları hamıdan yaxşı tanıyır. Yəqin ki, adlarınızı rəisə o verib, özü isə çəkilib kənara. Necə ola bilər ki, rəis baş məşqçi ilə məsləhətləşmədən «qara siyahı» tərtib eləsin?
- Baş məşqçi dəyişikliyi olanda, komanda üçüncü yerdə gedirdi. Ramil Əliyev gəldi, düşdük 8-ə. O, bir çox məşqlərimizdə olmurdu. Məşqi bizə köməkçisi Mehman Eminov keçirdi. Ramil Əliyev heç bilmirdi ki, hansı futbolçu nə məşq keçib, hazırdı, hazır deyildi. Mehman müəllimin məşqləri o səviyyədə deyildi. Gəlib, sadə məşqlər verib gedirdi.  Ramil komaqdanı başlı-başına buraxmışdı. Müşviq Qənbərov onun kimi deyildi. Əvvəlki baş məşqçimiz daha enerjili və istəkli idi. Bizə səmimi yanaşırdı, qardaş kimiydi. Müşviq müəllim əsl komanda yaratmışdı, mehribançılıq var idi uşaqlar arasında. Məşqləri Ramildən çox-çox yaxşı idi, işində məsuliyyətli idi. O gələndə MOİK 12-ci idi, qaldırdı 3-ə. Ramil maraqlanmırdı axı bizimlə. Baş məşqçi bilməz ki, komandada nə var, nə yox? Qənbərov yaxşı sistem qurmuşdu, Ramil bunu da dağıtdı. Çökdürdü komandanı. Biz nə məşq gördük, Müşviq müəllimin vaxtında gördük. Baş məşqçi dəyişdi, futbolçularda da geriləmə başladı. Halbuki qışda heyət daha da güclənmişdi. Biz bu heyətlə medallar uğrunda oynamalıydıq. Qənbərov qalsaydı, MOİK bu vəziyyətə düşməzdi. Fiziki və psixoloji hazırlığımız çox aşağıdı. «Mil-Muğan»la 70 dəqiqə təkqapı oynayırıq, sonra qapımızdan iki top buraxırıq. Bu, niyə olur? Çünki «fizika»da çatdırmırıq. Ramil komandanı qış fasiləsində düzgün, yaxşı hazırlamadı. Onadək nə nəticə qazanmışdıqsa, hamısı Müşviq müəllimin verdiyi taktiki və fiziki hazırlığın hesabınaydı. 

 

Ramil Əliyev məşqlərə niyə gəlmirdi?
- Deyəsən, səhhəti ilə əlaqədar. Başqa problemləri də varıydı. Ancaq eşitmişdim ki, ciyərinə nəsə olub, bir müddət xəstəxanada qalıb. Çox vaxt gəlmirdi məşqə, ondan xəbər tutmaq olmurdu. Ramil elə ab-hava yaratmışdı ki, hamı narazıydı ondan. Mən də fikirləşirəm ki, adımızı o yazıb verib rəhbərliyə. Necə oldusa, Ruslanla Hüseyni sonradan qaytardılar geri. Bizə desəydilər ki, səbəb nədi, günahımızı bilərdik. Əslində, MOİK-in bu vəziyyətə düşməsinin səbəbini Ramil özündə görməlidi. Baş məşqçi yüksək yerlərə iddia edən komandaya barmaqarası yanaşmamalıdı. O, məsuliyyətli olmayandan sonra biz nə edək? 

 

Mətbuat son həftələrdə MOİK-dən çox yazır. Gələn xəbərlər heç də yaxşı deyil. Klubun fəaliyyətini dayandıracağı bildirilir. Rəhbərlik bunu nə təsdiq edir, nə də təkzib. Ola bilsin, bu qərar yaxın günlərdə açıqlanması gözlənilən rəsmi «süqut xəbəri»nin tərkib hissəsidi? 
- Bu xəbərləri biz də mətbuatdan oxumuşuq. Özümüz heç nə bilmirik. Düzü, inanmıram MOİK dağılsın. MOİK dövlətindi, şəxsi klub deyil  MOİK həmişə olub, yenə olacaq. Bizim burda pul problemimiz olmayıb. Maaşımızı vaxtlı-vaxtında kartımıza köçürürdülər. Çox yüksək deyildi, ancaq yenə dolanırdıq. Rəhbərlikdən razı olmuşuq həmişə. Rəşad müəllim və rəhbərlikdəki digər insanlar Müşviq Qənbərovun vaxtında komandaya yaxşı baxırdı. O, nə istəyirdi, edirdi. Biz də bunun qarşılığını nəticələrimizlə verirdik. Ramil Əliyev gələndən sonra komandada sistem dağıldı, turnir cədvəlində aşağılara yuvarlandıq. Özünüz baxın, MOİK bu futbolçularla əvvəl nə edirdi, axırı nə oldu. Lliderlərlə, Premyer Liqa klublarıyla əvvəlki oyunlarımızın kassetlərini tapın, fərqi görəcəksiz. Həmin futbolçulardı da… Hamı MOİK-dən çəkinirdi. Çatana 4-5 qol vururduq. Necə olur, həmin futbolçular bu gün belə zəif təsir bağışlayır? Baş məşqçi məşqə gəlməyəndə, futbolçularla maraqlanmayanda, ayrı-seçkilik edəndə, komandada eniş də olmalıydı. 

 

MOİK-in danışılmış oyunlarda iştirakıyla bağlı məlumatlar da mətbuatda geniş yayılıb…
- Qətiyyən mümkün deyil! Mən bunu MOİK-in bütün futbolçularının adından deyə bilərəm. Biz olan yerdə belə şeylər ola bilməz! Başımla cavabdehəm. Bu komandada kimə danışılmış oyuna getməz. Heç ağlının ucundan da keçirməz. Mən neçə il MOİK-in formasını geyindim, bir dəfə belə söz-söhbət eşitmədim. Biz bu klubda halal pulumuzu qazanmışıq. Böyük klublarda oynamışam, Premyer Liqada oynamışam, MOİK-dəki kimi mehriban kollektivi heç birində görməmişəm. Əlbəttə, mən Müşviq Qənbərovun vaxtından danışıram. MOİK uduzanda mən özümü saxlaya bilmirdim, gözümdən yaş gəlirdi. Biz MOİK-ə qarşı belə olmuşuq. Ona görə də bu qərarı heç cür qəbul edə bilmirəm. Bir parça çörəyi yetirən Allahdı. Heç kim futbolu əlimdən ala bilməz.

Tarix: 20 Aprel 17:02    Oxunub: 791    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.