Prosineçkini Azərbaycanda saxlamağın yeganə yolu

 

Bu ilin əvvəlində "Bursaspor"un təklifini geri çevirmək məcburiyyətində qalan Robert Prosineçki İspaniya La Liqasında çalışa bilər. Millimizin baş məşqçisinin xidmətində "Valensiya" maraqlıdı. Bu iddia ilə “Kicker” nəşri çıxış edib. Xəbərə görə, Prosineçkinin türkiyəli agenti Yaşar Çalışır bir neçə gün öncə İspaniyaya yollanıb və sözügedən klubun rəhbərliyi ilə görüşüb.


Son 1 il ərzində baş məşqçilərini əlcək kimi dəyişən "Valensiya" bu problemi Prosineçki ilə yoluna qoymaq istəyir. Həmçinin Türkiyədən “Bursaspor” və “Konyaspor” da 48 yaşlı mütəxəssisi bu vəzifədə görmək fikridədi.


"Valensiya" La Liqanın turnir cədvəlində 32 turdan sonra 40 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. "Yarasalar"ı hazırda Salvador Qonsales Marko (Voro) çalışdırır. “Valensiya”lılar yayda anlaşacağı çalışdırıcıya uzun müddət vaxt verməyi qərara alıb. Yəni ki, onunla bağlanacaq müqavilənin müddəti 3 ildən az olmayacaq. 
Futbolçu karyerası ərzində “Real”, “Barselona” və “Sevilya” kimi klubların formasını geyinmiş Prosineçkinin adı İspaniyada dillər əzbəridi.

 

“Valensiya” rəhbərliyi də məhz bunu nəzərə alaraq, onunla anlaşmaq arzusundadı. Məşqçilik karyerasına 2006-cı ildə başlayan Robert Prosineçki 4 il ərzində Xorvatiya yığmasında köməkçi kimi fəaliyyət göstərib. Daha sonra “Srvena Zvezda” və “Kayserispor”u çalışdırıb. 2014-cü ilin dekabrında Azərbaycan yığmasının sükanı arxasına keçib. Bursalılar yanvarda Hamza Hamzaoğlunun yerinə məhz Prosineçkini gətirməyə çalışsalar da, xorvatiyalının AFFA ilə müqaviləsinin olması bunu əngəlləmişdi.


Prosineçki “Radio Nacional”a “Valensiya”dan təklif alması xəbərini təkzib edib. La Liqa təmsilçisindən ona hər hansı bir təklif gəlmədiyini söyləyib. Millimizin çalışdırıcısı ispanların, ümumiyyətlə, onunla əlaqə saxlamadıqlarını bildirib: “Valensiya”dan heç kim mənimlə əlaqə saxlamayıb”.


Söylənilənlər dağın görünən tərəfidi. Balkanlı Azərbaycanı tərk edəcəyi günü səbrsizliklə gözləyir. Həmin tarixin dolmasına isə çox qalmayıb - bu ilin dekabrında AFFA ilə müqaviləsi qüvvədən düşəcək. Federasiya başqa fikirdədi, o başqa. «Şüşəbənd» AVRO-2020-yə onunla hazırlaşmaq niyyətindədi. Necə deyərlər, sözləşmənin müddətini daha 2 il artırmağı düşünürlər. Əlimizdə konkret bilgilər var, ondan da məlumatlıyıq ki, AFFA prezidenti Rövnəq Abdullayev hazırkı baş məşqçiylə kontraktın vaxtını uzatmasını ən yüksək dairələrlə razılaşdırıb. Axı bundan dolayı Prosineçkiyə böyük həcmdə ödəmə etmək lazım gələcək. Bu gün hər qəpiyin hesabı verilir, mümkün deyil ki, Abdullayev xorvatiyalıya çatası məbləği öz cibindən ödəsin.


Türkiyəli menecer, Prosineçki ilə «Bursaspor» və «Valensiya» arasında körpü salan Yaşar Çalışırın dediyi kimi, hər şey pula bağlıdı. Kim daha çox təkli edəcəksə, o da həmin istiqamətə üz tutacaq. Ancaq Prosineçki üçün imic və reytinq məsələsi də var və güman etmirik ki, xorvatiyalı bunu nəzərdən qaçırır. Siqaret və viski bu gün var, sabah da olacaq. Belə təkliflər isə heç də hər zaman qapını döymür. Sonrakı peşmançılığın fayda vermədiyini anlayan mütəxəssis millimizin sükanı arxasında qalmaqla yalnız pul qazana biləcəyinə əmindi, başqa heç nə. Reallıqdan uzaqlaşmayaq, çünki o, hələ bu hissi itirməyib.

 

Komandamızı yaxın perspektivdə böyük turnirlər gözləmir və biz buna iddia deyil, yalnız və yalnız arzu edə bilərik. Prosineçki bizim ən deformat arzumuzu yerinə yetirməyə borculudumu? Yuxud bu, onun imkanı daxilindədimi? Əsla! Azərbaycan futboluna bundan sonra yenə iri pullar axmalı və minimum 6-7 il gözləmək lazımdı. İndi nə pul var, nə də səbr etməyə hövsələ. Dollar-manat-avro adı çəkənin qulağı əllənir, Prosineçki axmaq və ya avantürist deyil, realistdi. Biz azərbaycanlılardan daha tez görüb ki, futbolumuz bir tuneldi. Bu tunelin qurtaracağında isə qaranlıqdı, günəş şüaları içəri süzülmür.

 

SPORTİNFO.AZ

 

Tarix: 20 Aprel 16:10    Oxunub: 284    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2017
26 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.