I Divizion klubunun baş məşqçisi 10 nəfərin "torbasını tikdi"

MOİK-də sular durulmur ki, durulmur! Ramil Əliyev baş məşqçi təyin olunan gündən düşərgəni bədlik basıb, komanda uğursuzluq zolağından çıxmağı bacarmır. Belə olar da, "Rıba" bilmirdi ki, "torba" tikməyin axırı yoxdu? Onun üçün qarın və vəzifə qardaşdan irəlidi, çətin ki, belə şeyləri anlaya, götür-qoy edə, nəticə çıxara. Əliyevin başı başqa şeylərdən çıxır, bu da futbola dəxlisizdi.

 

I Divizionun son 2 turunda öncə "Mil-Muğan"a evdə 0:2, ardınca Tovuzda "Turan"a 0:1 hesabıyla uduzan MOİK turnir cədvəlinin 8-ci pilləsində qalıb. 33 xala sahib ordu klubunun başı üzərində qara buludlar dolaşır. Dağılmaq ehtimalı güclüdü. MOİK-in rəisi, polkovnik-leytinant Rəşad Quliyev də bugünlərdə saytımıza bildirib ki, bu barədə qərarı Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayacaq. 


R.Əliyev komandada elə atmosfer yaradıb ki, tut ucundan, qalx yuxarı. Hərc-mərclik baş alıb gedir. Baş məşqçi istefa verib getmək əvəzinə futbolçuların ayağının altını qazıb. O biabırçı nəticələri öz üzərindən atmaq üçün 10 nəfəri "qurban" seçib. Bayram Kərimov, Elmin Çobanov, Sənan Bayramzadə, Elvin Həsənəliyev, Ramil Orucov, Cavid Muxtarzadə, Fərid Əsədov, Mahsum Qəmbərli, Hüseyn Axundov və Ruslan Nəsirli "qara siyahı"ya düşüb. Axundovla Nəsirli sonradan geri qaytarılıb.


MOİK gələn mövsüm çıxışını davam etdirsə belə, yüksək yerlər uğrunda mübarizə aparmayacaq. Əliyevin düşərgədən uzaqlaşdırdıqları əsasən "mülki vətəndaşlar"dı. Onlara isə məvacib ödənilirdi. Qalanların əksəriyyəti həqiqi hərbi xidmət keçənlərdi. Görünür, rəsmilər bir güllə ilə iki dovşan vurmaq niyyəti güdüb. Həm uğursuzluğa bəraət, həm də xəzinəyə qənaət prinsipi.

 

SPORTİNFO.AZ

Tarix: 20 Aprel 09:12    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.