"Çempion olduq, AFFA və PFL rəhbərliyi məni heç təbrik də etmədi"

I Divizionun 24-cü turunda “Turan Tovuz” MOİK-ə qalib gələrək çempion olmaqla yanaşı, məğlubiyyətsizlik seriyasını 11 oyuna çatdırıb. Əsgər Abdullayevin komandası bu görüşlərin 10-da qələbə qazanıb. “Zaqatala” ilə heç-heçə isə ikinci pillənin sahibi “Səbail” üçün ardıcıl 4-cü məğlubiyyətsiz matç olub. Bölgə təmsilçisi son iki görüşdə heç-heçə oynamaqla turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb. Səfərdə “Mil-Muğan”ı məğlub edən və 3-cü pillədəki mövqeyini qoruyan “Qaradağ Lökbatan”ın 2 oyunluq qələbə seriyası var. Turda digər diqqəti çəkən məqam “Bakılı”nın böyükhesablı qələbəyə sevinməsidi. Paytaxt təmsilçisi ardıcıl 15 oyundan sonra 3 xala hesabına yazıb. İndi isə sizi baş məşqçilərin fikirləriylə tanış edirik (Futbol+). 


Əsgər Abdullayev, “Turan Tovuz”un baş məşqçisi: “İndi desəm ki, çempion olacağımı bilirdim, düzgün çıxmaz. Lakin məndə inam var idi. Çünki mövsümün əvvəlində əsas məqsədim bu olub. Öz gücümüzə güclülər dəstəsinə vəsiqə qazanmaq məqsədi ilə yaşayırdıq. Nə yaxşı ki, arzumuza çatdıq, sona 2 tur qalmış çempion olduq. Bu uzun yol bizə asan başa gəlmədi. Çətinlik çəkdiyimiz məqamlar da oldu. Adicə sonuncu oyunda çox çətinliklə üzləşdik. Mövsümün soyunda uşaqlarda müəyyən yorğunluq var. Həm də bu oyun bizim üçün final xarakteri daşıyırdı. Komandaya əməlli-başlı təzyiq var idi. Qarşılaşmaya yaxşı başladıq. İlk yarıda xeyli qol imkanı yaxalasaq da, yararlana bilmədik. İkinci hissədə də vaxt azaldıqca oyun intizamı pozulurdu. Uşaqlarda həyəcan getdikcə artırdı. Buna baxmayaraq, komanda sona kimi vuruşdu, lazım olan qolu vura bildi. Eyni vəziyyəti 2 tur əvvəl biz yaşamışdıq. “Mil-Muğan”la ev oyununda hakimin əlavə etdiyi dəqiqələrdə qol buraxmışdıq. Bu dəfə biz qol vurduq. Çempionluq bizim olsa da, çempionat bitməyib. Hələ qarşıda iki tur var. Oyunlara eyni ciddiliklə yanaşacağıq. Düzdü, əsas heyətdən bir neçə futbolçuya istirahət veriləcək. Onların əvəzinə mövsüm ərzində şans qazana bilməyən futbolçular meydana çıxacaq. Çünki onları da yoxlamaq istəyirəm. Yəni heyətdə dəyişikliklər olacaq. “Şahdağ” yaxşı komandadı. Oyun təcrübəsi az olan futbolçuları həmin matçda yoxlamalıyıq. “Qaradağ Lökbatan” da bilirsiz ki, medallar uğrunda mübarizə aparır. Hər iki oyun bizim üçün çətin olacaq. Çempion olandan sonra AFFA və PFL rəhbərliyindən şəxsən məni kimsə təbrik etməyib. Ola bilər ki, rəhbərliyə zəng edib, təbrik ediblər. Premyer-liqaya yüksəlmək şanslarımıza gəlincə, bu suala da rəhbərlik daha dolğun cavab verə bilər. Çünki mənim missiyam, məqsədim komandanı çempion etmək idi. Bunu da bacardım. Qalan məsələlərə rəhbərlik baxır, onlar cavabdehdi. Təbii ki, mən bu komandanı elitada görmək istəyirəm. Rəhbərlik də həvəslidi. Nə edəcəklər, nə iş görəcəklər, hansı lazımi məsələləri həll ediblər - bunları rəhbərlik bilir. Hər şeyi zaman göstərəcək”.


Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Mövsümün sonu olsa da, komandanın fiziki durumunda problem yoxdu. Bizim dərdimiz başqadı. Turnir cədvəlindəki vəziyyətimiz elədi ki, uduzsaq, aşağı düşmürük, qalib gəlsək, yuxarı qalxmırıq. Bu üzdən ola bilər ki, uşaqlarda müəyyən arxayınlıq var idi. “Qaradağ Lökbatan”la oyunda da bu məqam bəlkə də həlledici oldu. İlk 30 dəqiqədə çox zəif çıxış etdik. Rəqib bizdən üstün oynadı. Ardıcıl 3 qol buraxdıq. Fasilədə isə müəyyən dəyişikliklər etdik. Ondan sonra vəziyyət düzəldi, hətta rəqibdən üstün oynadıq. Lakin hesab arasındakı fərq böyük olduğundan komandanın mübarizə aparması çətin idi. Uşaqların özünə gəlməsi problem idi. Amma 0:4-dən sonra yaxşı oyun sərgilədik. 2 qol vurmaqdan əlavə, çox yaxşı qol imkanları yaratdıq. Hətta hesab 4:4 də ola bilərdi. Təəssüf ki, bütün zərbələr qol olmur. Qarşıda iki oyunumuz qalıb. Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Göyəzən”lə “Energetik” autsayder olsalar ki, mövsümün sonunda sözlərini demək istəyəcəklər. Biz mübarizə aparmalı, qalib gəlməliyik. İndiki mövqedə olmağımızın səbəbi son xal itkiləri yox, ilk dövrədəki büdrəmələrdi. Çempionat başlamamış gec toplandıq. Hazırlıq prosesi çox qısa çəkdi. Bu üzdən komandanı formalaşdırmaq çətin oldu. Sistemin oturuşması zaman tələb edir. Nəticədə vacib xallar itirdik. İkinci yarıda isə nisbətən yaxşı çıxış etdik. Ümid edək ki, növbəti mövsüm ya premyer-liqada, ya da elə aşağı dəstədə daha yaxşı komanda yığıb, ən yüksək pillələr üçün oynayarıq”. 


Elxan Muradov, “Göyəzən”in baş məşqçisi: “Mövsümün sonlarıdı, komandada bir az yorğunluq var. “Bakılı” ilə oyunda heç nə edə bilmədik. Rəqibin heyətində kapitan Aslan Hüseynov çox möhtəşəm oyun sərgilədi. Demək olar ki, bizi təkbaşına uddu. Mən bilmirəm, “Bakılı” niyə bu gündədi? Baxdım, çox yaxşı komandadı. Niyə onların nəticələri yoxdu? O komanda məndə olsaydı, indi turnir cədvəlinin ortalarındaydıq. Bizim oyunçular süni qazonda heç oynaya bilmirlər. Bizimkilər kələ-kötür meydana öyrəşiblər, düz meydanı görəndə ayaqları əsir. Süni meydanda heç cür oyun alınmır. Peşəkar futbolçu hər örtükdə oynamağı bacarmalıdı. Bizimkilər tam peşəkar deyillər. Bu üzdən əziyyət çəkirik. Bu mövsüm də belə getdi. Görək, yayda başımıza nə gəlir... Ümid edək ki, yaxşı yöndə xeyli dəyişiklik olacaq”. 

Tarix: 20 Aprel 00:24    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.