Qurbanovun "Qarabağ"a gətirmək və göndərmək istədiyi futbolçuların GENİŞ SİYAHISI

Premyer Liqada 2016-2017 mövsümünün qalibi XXVI turda müəyyənləşdi. "Qarabağ" sona 2 tur qalmış qızıl medalları özüyçün təmin etdi. Qurban Qurbanovun baş məşqçi olduğu komanda "İnter"lə səfər matçında 3:0 hesabı ilə yendi. Bununla da, lider ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal geridə qoydu. Hazırda 56 xala malik "Qarabağ" üçün bu, ardıcıl 4-cü, tarixi ərzində isə 5-ci çempionluq oldu. 

 

Gümüş və bürünc medalların taleyinə hələ aydınlıq gəlməyib. "Qəbələ" 43 xalı olan "İnter"i 6 xal üstələsə də, iki komanda arasındakı oyunlar hələ yekunlaşmayıb. Əvvəlki 3 dövrədə "Qəbələ" səfərdən 1:1 və 2:0, ev oyunundan isə 0:0 hesablı nəticələrlə ayrılıb. "İnter" XXVII turda səfərdə 3 top fərqi ilə qalib gələ bilməsə, mövsümü bürünc medalla başa vuracaq, "Qəbələ" isə tarixində ilk dəfə gümüş medal qazanacaq.

 

2017-2018 mövsümündə "Qarabağ" Çempionlar Liqasında, "Qəbələ" və "İnter" Avropa Liqasında yarışacaq. Avroliqaya son vəsiqə verən 4-cü yer uğrunda isə 4 komanda - "Zirə" (33 xal), "Sumqayıt" (32 xal), "Kəpəz" (30 xal) və "Neftçi" (29 xal) mübarizə aparır. Düşünmək olardı ki, ağdamlılar sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaq. Xeyr, Qurbanov bir müddətdi "ehtiyat tədbirlər planı"nı işləyib qurtarıb:

 

"Çempionatın sonuna qədər buna vaxt ayıracam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Yaxşı, geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir. Hansı mövqelərə daha çox ehtiyaca gəlincə, hər bir turnirin maksimumu var. Bu gün ölkə çempionatında maksimum çempionluqdu.

 

Hər xətdə dəyişikliyə ehtiyacımız var. Bu o demək deyil ki, o xətlərdə problemimiz var. Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarımızda dəyişikliyə səbəb olacaq? Tolanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət etmirlər. Zədələr də bu yüklənmələrdən əmələ gəlir. Bu, bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər".

 

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də gözlənilən xoş müjdəni verib. O, yeni transfer dplğasını anons edib: "İnşallah, bunu reallaşdırmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Baş məşqçimzi Qurban Qurbanov da əlindən gələni edəcək. Bunun üçün yaxşı futbolçular almağa çalışacağıq. Avropa klubları üçün yenə çətin rəqib olacağıq.

 

Şükürlər olsun ki, sponsorumuz "Azərsun Holdinq" şirkəti böyük fədakarlıqla bütün xərcləri qarşılamağa hazırdı. bunu rahatlıqla deyə bilərəm. Baxmayaraq ki, bütün düynada iqtisadi böhran var. Ölkəmizdə bu planda vəziyyət düzəlir. Büdcəmiz tam sabitdi. Baş məşqçimiz bunu da bilir, limiti də. Qalıb onun oyun üslubuna uyğun futbolçular seçmək. Hesab edirik ki, büdcəmiz bizim üçün kifayətdi.

 

Onsuz da biz Avropada heç vaxt pul hesabına kimləsə rəqabət edə bilməyəcəyik. Çünki Avropada elə klublar var ki, bir futbolçunun qiyməti bütün "Qarabağ"ın büdcəsinə bərabərdi. Onu da unutmaq olmaz ki, bizim qrupda yendiyimiz "Dnepr"də finalad oynadı. Bu, oyunun gedişinə, şansa, bacarığımıza da baxır. Hesab edirəm ki, Avropada çox çətin rəqib olacaq".

 

"İnter"dən Abbas Hüseynovu rənglərinə bağlayan köhnə-yeni ölkə çempionu "Zirənin hücumçusu Riçard Qadzenin xidmətində maraqlıdı. Qış fasiləsində Hindistandan Azərbaycana gələn qanalı legioner özünü əla tərəfdən göstərib və sərgilədiyi performansla Qurbanovun qəlbini fəth edib. Həmçinin "qartallar"ın serbiyalı müdafiəçisi Yovan Krneta da "Qarabağ"ın transfer siyahısında yer alıb. 


Qurbanov "Qəbələ"də əsas heyətə düşməkdə çətinlik çəkən Araz Abdullayevi hələ də unutmayıb. Yeni ildə "Neftçi"ni qrımzı-qara rənglərə dəyişən millinin yarımmüdafiəçisi Roman Qriqorçukun etimadını qazana bilmir. Görünür ki, o, artıq "Neftçi"dəki Araz deyil. Sanki sıxılır və darıxır. Özünü "proqramlaşdırılmış robot" kimi aparan Abdullayev heç cür komandasına xeyir verməyi bacarmır. "Qəbələ"nin bu transferdən qazandığını demək olmur. Ukraynalı həmkarı xidmətindən imtina etsə, Qurbanovu "Araz hədiyyəsi"ni məmuniyyətlə qəbul edər.

 

Muarem Muarem, Elvin Yunuszadə, Boyan Şaranov, Arif Daşdəmirov və Vüqar Nadirov hər an "Qarabağ"ı tərk edə bilər. Qurban adlarını çəkdiklərimizdən əlini çoxdan üzüb və onların komandanın gücləndirmək iqtidarında olmadığını dəqiqləşdirib. Rahid Əmirquliyevlə Qara Qarayevin məsələsi hələ açıq qalıb. 10 il "Xəzər Lənkəran" forması geyinən və kapitan sarğısını daşıyan Rahid indi özünü burda suda balıq kimi hiss etmir. Oyunu getmir. XL-dakı Rahid başqa aləm idi. Sərbəst idi, istədiyini eləyirdi. "Qarabağ"ın oyun stili ona yaddı və çox çalışsa da, yaradıcı və dağıdıcı planda Qurbanovun tapşırıqlarını istənilən səviyyədə yerinə yetirə bilmir. Baş məşqçisi ondan iki funksiyanı eyni anda icra etməsini istəyir, Əmirquliyev isə xırda paslarla oynayan komanda yoldaşlarının kölgəsində qalır.


Qaraya gəlincə, yetirməsi "Qarabağ"dan getmək vaxtının yetişdiyini düşünür. Gizlətmir, açıq deyir. Fikri Avropadadı. Moskva "Lokomotiv"indən təklif alıb və Yuri Soyminin dəvətini yeni çağırış kimi qəbul edir. Ürəyi Rusiya paytaxtında qalan Qarayevi yola gətirmək Qurbanova asan gəlmir. Düzdü, təcrübəli mütəxəssis son açıqlamalarının hər birində üstüörtülü şəkildə bildirib ki, sözügedən dayaq yarımmüdafiəçisi ilə vidalaşmağa hazırlaşmır, daşı ətəyindən tökməsinə tərəfdardı.

 

SPORTİNFO.AZ

Tarix: 19 Aprel 17:12    Oxunub: 1464    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.