"Bu qiymətə, amma daha səviyyəli legionerlər almaq istəyirik"

"Təbii ki, mövsüm başa çatandan sonra komandamızdan həm gedənlər, həm müqaviləsi uzadılanlar, həm də yeni gələnlər olacaq. Transfer siyahımızda bir neçə nəfərin adı var. Baş məşqçimiz onları bir-bir nəzərdən keçirir" - bu sözlər "Qəbələ"nin rəisi Səbuhi Səfiyarlıya məxsusdu.

 

Sportinfo.az-a açıqlama verən klub rəsmisi bildirib ki, heyəti daha da gücləndirmək istəyirik: "Müəyyən bir büdcəmiz var və çalışırıq ki. gücümüz daxilində transferlər edək. Elə futbolçular almağı planlaşdırırıq ki, qiyməti özümüzdəkilərdən baha çıxmasın, amma onlardan daha səviyyəli olsun. Xal itirdiyimiz son oyunlarda göründü ki, hansı mövqeləri gücləndirməliyik.

 

Növbəti mövsüm iki cəbhədə - avrokuboklarda və ölkədaxili yarışlarda mübarizə aparacağıq, heyətimiz bu səbəbdən daha geniş olmalıdı. Limiti və zədələri də nəzərə alırıq. Üçüncü dövrənin əvvəlində Vitali Vernidubun zədələnməsi bizə çox problem yaratdı. O və Vojislav Stankoviç Azərbaycan çempionatında çıxış edən ən yaxşı müdafiəçilərdi.

 

Vernidub zədələnməsəydi, müdafiədə bu qədər problem yaşamazdıq. Yoxluğunu hər oyunda hiss etdik. Roman Qriqorçuk hər nüansa fikir verir. Məşqçimiz ilk növbədə hücum xəttinin gücləndirilməsini istəyir. Bu gün Azərbaycana səviyyəli legioner gətirmək çətindi. Hamısı yaxşı pul tələb edir.

 

Qriqorçuk komandadan kimləri göndərmək istədiyini bizə bildirməyib. "Qara siyahı"sı yoxdu. Ümumiyyətlə, onun üçün pis futbolçu yoxdu, məşqlərdə, oyunda effekt verən və verməyən, intihzamlı və ya intizamsız futbolçu var. Hansı biri məşqlərdə yaxşı təsir bağışlayırsa, mütləq meydana buraxır.

 

Onda bu xüsusiyyət yoxdu ki, kiminləsə prinsip aparsın, layiq olduğu halda, şans verməsin. Heç bir futbolçu ondan narazı qala bilməz. Çünki Qriqorçuk hər məşqi analiz edir, buna uyğun olaraq əsas heyəti qurur, Baqali Dabo, Araz Abdullayev, Daniel Subotiç və Toe Uiks son oyunlarda kifayət qədər meydanda oldu. Yəni, demək olmaz ki, o, heç kimə şans vermir". 

Tarix: 19 Aprel 15:00    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.