"Vüqar Həşimov bilyard oynamağı da yaxşı bacarırdı"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirinin iştirakçısı, Rusiya təmsilçisi Sergey Karyakin yarışın rəsmi saytına müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir...


Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar arasında Sizin üçün uğursuz rəqib kimdir?
- Dostum Vüqarın xatirə turnirində böyük həvəslə mübarizə aparacağam. İndiyə qədər Şəmkir turnirinin qalibi olmaq mənə nəsib olmayıb. Həmişə hədəfim ilk pillədə qərarlaşmaqdır. Heyətə gəldikdə, Şəmkirə ən güclülərin dəvət olunduğunu söyləmək olar. Ona görə aşkar favoritim yoxdur. Uğursuz rəqib deməzdim, amma heç biri ilə oyun asan olmayacaq.

 

Dünya çempionu Maqnus Karlsenin Şəmkirdə olmaması mübarizəni asanlaşdırır?
- Karlsen dünya çempionudur, FİDE reytinqinə başçılıq edir. Sözsüz onun hər yarışda iştirakı rəqabəti artırır. Bununla belə, Şəmkir turnirində Maqnus olmadan belə güzəştsiz mübarizənin olacağına əminəm. O, iştirak etdiyi yarışlarda favoritdir. Amma heç kim Karlsenin bu il Şəmkirə gələcəyi halda çempion olacağını söyləyə bilməz. Karlsen iştirak etsəydi belə, bəlkə də birinci olmayacaqdı. İştirak etmək hələ qalib gəlmək demək deyil.
 

Turnirdə sabiq dünya çempionları - rusiyalı Vladimir Kramnik və bolqarıstanlı Veselin Topalov iştirak edəcək. Onların görüşünü prinsipial qarşılaşma adlandırmaq olar?
- Fikrimcə, hər bir turdan sürpriz nəticələr gözləmək olar. Amma Kramniklə Topalov arasındakı görüşü həm də prinsipial adlandırmaq mümkündür. Şahmat dünyasının iki güclü nümayəndəsinin maraqlı oyun nümayiş etdirəcəyinə inanıram. Biz ilk növbədə, peşəkar şahmatçılarıq. Mübarizəmizi şahmat taxtası arxasında aparmalıyıq. Hisslərə sahib çıxmaq lazımdır. Kramniklə Topalov arasındakı münasibətlərin o qədər yaxşı olmaması hamıya məlumdur. Bununla belə, hər iki insan şahmat dünyası üçün dəyərlidir.
 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu il də Şəmkirdə qalib gəlmək istəyir. Məmmədyarovun şanslarını necə dəyərləndirirsiniz?
- Şəhriyar güclü şahmatçı olmaqla yanaşı, həm də dostumdur. İddiaçılar turnirində və dünya çempionu Maqnus Karlsenlə çempionluq matçında mənə kömək edən şahmatçılardan olub. Məmmədyarov məşqçi komandamın tərkibində çalışıb. Yüksək oyun keyfiyyətlərinə malikdir. Bəzən debüt seçimini müəyyən etmək çətin olur. Məmmədyarovun əhvalından çox şey asılıdır. Özünü yaxşı hiss edirsə, ona rəqib olmaq çətindir. Turdan əvvəl gülür və görürsən ki, 10 dəqiqəyə partiyada böyük üstünlük qazanır. İstənilən şahmatçıya problem yaratmağı bacaran həmkarımdır. İnanıram ki Şəmkirdə çempion olsam, Şəhriyar inciməyəcək.
 

Şəmkir təəssüratlarını bizimlə bölüşərdiniz. Bu turnir yadınızda necə iz buraxıb?
- Şəmkir turnirinin təşkilatçıları hər bir qonağa özünəməxsus tərzdə yanaşır. Qonaqpərvərlik artıq Gəncədə hiss olunur. Hava limanında qarşılanma, oteldə yerləşdirmə yüksək səviyyədə icra olunur. Ona görə bu gün ShamkirChess dünyanın aparıcı şahmat turnirləri sırasındadır. Hətta istirahət günündə qonaqlar darıxmır. Adətən, yeniyetmə şahmatçılarla görüşür, sonra futbol oynayırıq. Şəmkirdə Vüqarın adına layiq yarış keçirilir. Bu il XXI kateqoriyalı yarış izləyəcəyik. Ciddi mübarizə olacaq.
 

Vüqar Həşimovu necə xatırlayırsan?
- Dost və sevimli həmkar kimi. Həmişə gülərüzlü olub. Hətta çətin günlərində belə gülməyi bacarırdı. Müsbət enerji ötürürdü. Əksər yarışlardan əvvəl onunla söhbət edirdik. Müzakirələr bəzən ciddi mübahisələr yaratsa da, həmişə mehriban olmuşuq. Yadımdadır, bir gün bilyard oynamağa getdik. Vüqar o qədər də yaxşı oynamadığını deyirdi. Amma məni məğlub etdi. Sonra mən qalib gələrək, ümumi hesabı bərabərləşdirdim. Bilyard oynamağı da yaxşı bacarırdı. 

Tarix: 17 Aprel 15:36    Oxunub: 656    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.