Özünə hörmət edən futbolçunun Elxanın yanında nə işi var?

Ramil Şeydayev Türkiyədə qalacaq. Ya "Trabzonspor"da saxlanacaq, ya da yerli klubların birinə icarəyə veriləcək. Son qərar Ersun Yanalındı. Millimizin hücumçusunun adı hazırda ən çox "Samunspor"la hallanır. PTT I Liqada iddialılardan olmayan "Samsunspor"u onu mövsümün axırınadək sərəncamında görməyi arzulayır. "Mersin İdman Yurdu" və "Bandırmaspor"un da Şeydayevə ilgi duyduğu söylənilir.

 

Adam nə edir-etsin, Türkiyədə hansı kluba keçir-keçsin, qənimətdi yenə! Təki Azərbaycana gəlməsin! Rusiya millisinin formasını əynindən çıxardığımız Ramilə həyatının pisliyini etmiş olarıq. Amandı Tanrım, peşman eləmə onu, düz yoldan sapmağa qoyma! Rusiyanı 19 yaşlılar arasında Avropa çempionatının qalibi etmiş, "Zenit" və "Rubin"də ulduzlarla çiyin-çiyinə oynamış gənc Ramilin yeridimi "Neftçi"?

 

Bir-iki dəllal bu keçiddən pul qazanacaq deyə, istedadı məhvmi olmalıdı? "Neftçi" hər il Avropa Liqasının qrup mərhələsində mübarizə aparmır, daxili çempionata rəng qatmır, niyə gəlsin axı? Yarıtmaz rəhbərlərin əlində oyun-oyuncağına dönüb bu tarixi klub. Ramilin karyerası qabaqdadı, nə üçün onu odun içinə atırlar axı? Səhv eləmədi ki, üstünlüyü Rusiyaya deyil, Azərbaycan millisinə verdi, indi başına corab hörülməlidi? 

 

Təklifi olan "Neftçi"dən qaçır. Heç arxasınca da baxmır. Dabanına tüpürüb, baş götürüb gedir. Sözünün əvvəli ilə axırı düz gəlməyən, dəllal şəbəkəsindən özünə çevrə düzəldən, kinli və məkrli Elxan Abdullayevlə şəxsinə hörmət edən futbolçu çalışmaz axı. Baş məşqçinin birinci "kozır"ı ünsiyyətdi. Allah saxlamış Elxan Abdullayev də qətiyyən bunu bacarmır. Onunku acılamaqdı, aşağılamaqdı, boş-boşuna danışmaqdı, söz güləşdirməkdi.

 

O, əlindən və gözündən bir iş gəldiyini sükanı arxasında olduğu komandaların heç birində göstərə bilməyib. Nəticə xanasında bayquş ulayır, uğursuzluqlar bir-biriylə siçan-pişik oynayır. Şeydayevin gələcəyi darmadağın olmazmı belə birisinin cənginə keçsə? 

 

"Neftçi" düzgün kurs götürsəydi, Araz və Elşən Abdullayevlər düşərgəni tərk etməzdi hər bir halda. Rəhman Hacıyevlə Cavid İmamverdiyev də ayrılsa, komanda qalacaq yerli uşaq-muşağın əlində. Ramil Şeydayevi diri-diri torpağamı basdırmaqdı birilərinin planı? Allah lənət eləsin içinizdəki şeytan və pul sevgisinə!

 

MUSA

Tarix: 3 Yanvar 22:00    Oxunub: 742    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.