AFFA bu 4 klubu dağıtmasa… PUL OLMAYACAQ!

Milli çempionatda fasilə yanvarın son həftəsonuna qədər davam edəcək, sonra daha iki dövrədən ibarət final yürüş başlanacaq. "Qarabağ"la "Qəbələ" kursu tam dəyişməsə, yəqin ki, yarışın həlledici mərhələsinin elə bir ciddi yükü, rəqabəti, ağırlığı olmayacaq. Sular da durulmayacaq. Necə var, elə də qalacaq.


Bu, müstəqillik qazanandan üzü bu yana Azərbaycanın ən maraqsız, intiriqasız, ölü çempionatıdı. İştirakçı sayının 8 olması özlüyündə bütün çətin sualların ən asan cavabıdı. Hətta futbolçuların oyuna metro ilə getdiyi, avtobusun pulunu verməmək üçün arxa qapıdan düşüb qaçdığı o illərdə belə, futbolumuz hazırkı kökə düşməmiş, zəifləməmişdi.

 

Ovaxtkı çempionatlarda, heç olmasa, formaya dəyər, ada oynamaq var idi. Bu gün əksər klublar bir əldə cəmləşib və çox böyük təəssüf hissi ilə deməliyik ki, "vahid mərkəzdən idarə" konsepsiyası top oyununu Azərbaycanda tamamilə yox olmağa sürükləyir.


İdarəetməni az-çox özündə saxlayan 2-3 klub qalıb, onlar da hakimlərin qərəzi və təzyiqi ilə üzləşməsindən şikayətcildi, sponsorların futboldan qaçmasının səbəbləri içində bunu da göstərirlər. AFFA isə etiraf edir ki, Premyer Liqaya üzvlərin sayını bilərəkdən azaldıblar. Bu, dövlətə ayaqüstü mesajdı.

 

Ölkə rəhbərliyinin diqqətini bu vasitə ilə yenidən çəkməkdi fikir. 10 illik dövlət proqramınin işlənmə müddəti 2015-ci ildə başa çatıb  iki ildi yeni proqramdan söhbət açılır, hər dəfə tezliklə imzalanacağı bildirilir, vətənə yetişəndə isə görürük ki, nə izi var, nə tozu. 


Həyacan təbili durmaqdan çalmaqdadı. Yatmışıq, vaxt isə dayanmayıb, gedir. Bir də onda ayılacağıq ki, çempionat keçirməyə cəmi 3-4 klub qalıb. AVRO-2020-nin 4 oyununa ev sahibliyi edəcək Azərbaycanın millisini qitənin ən mötəbər yarışında izləmək istəyiriksə… Sabah çırmanmaq gecdi.

 

AFFA başbilənləri SOCAR-ın klublardan imtinasına nail olmalı, bu uğursuz və səmərəsiz işbirliyininə son qoymalıdı. Neft şirkətinin borusuna bərkidilmiş "Neftçi", "Sumqayıt", "Kəpəz" və "İnter"in fəaliyyətinə ara verilməlidi. Əsl DÖNÜŞ belə olan halda mümkündü, rəsmilər vəziyyətin kritikliyinin fərqinə varacaq. Risk anı yetişib. Karl Marksın "bir addım irəli, iki addım geri" yanaşması bu gün keçərlidi. 

 

ELNUR

Tarix: 3 Yanvar 12:24    Oxunub: 1045    Müəllif: Sportinfo.Az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.