“Evlənən kimi karyeramı başa vuracam” - Milimizin üzvü

Sportinfo.az Azərbaycan taekvondo yığmasının üzvü, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarovanın müsahibəsini təqdim edir

 

- Həm perspektiv, həm də məşhur olmaq baxımından daha potensiallı olan Rusiya yığmasını qoyaraq niyə Azərbaycana gəldiniz? Sizi millimizə gətirən səbəb nədir?

- Rusiya yığmasında bəzi problemlər var idi. Məsələn, beynəlxalq yarışların əksəriyyətinə öz cibimizdən pul ödəyib gedirdik. Belə olan halda orda qalmaq mənasız idi. Bu səbəbdən də daha yaxşı olan Azərbaycan yığmasını seçdim.

- Yığmamıza gəlməyinizə səbəb Azərbaycan çempionatında iştirak edib birinci yer tutmağınızdır...

- Azərbaycana gəldim və çempionatda birinci oldum. Bu, 2013-cü ildə baş vermişdi. Gündüz Abdullayev məni dəvət etdi. Məndən başqa bir neçə idmançı var idi. Onlarla birlikdə seçim oldu. Amma sonda məni seçdilər. 

- Dağıstanlı idmançılar adətən Azərbaycanda yaşamaqda çətinlik çəkmirlər...

- Düzdür. Çünki burada yaşamaqla Dağıstanda yaşamaq arasında elə də ciddi fərq yoxdur. Mentalitet və din eynidir. Demək olar ki, eyni dövlət kimidir. Bu səbəbdən də Bakıda yaşamaq mənim üçün də xoş və asandır.

- Oradakı siyasi hadisələri izləyirsiniz?

- Yox. Buna nə həvəsim, nə də vaxtım var. Bütün idmançılar kimi siyasət mənlik deyil.

- Bakıda tək yaşayırsınız?

- Federasiyaya və məşq zalına yaxın olduğu üçün oteldə qalıram. Otaq yoldaşlarım isə tez-tez dəyişir. Bəzən Türkiyədən gələn idmançılar, bəzən dağıstanlılar olur. Amma bunun mənim üçün əhəmiyyəti yoxdur. Özümü başqa ölkədəki kimi deyil, vətənimdəki kimi hiss edirəm. 

- Çox sakit görünürsünüz...

- Yox, yuxudan durmuşam. Əslində bu qədər sakit deyiləm. 

- Ananız talismanınızdır?

- Bəli. O, demək olar ki, bütün yarışlara mənimlə gedir. Avropa və dünya çempionatlarında həmişə məni dəstəkləyir. Rio-2016 Olimpiya Oyunlarına da gələcəkdi.  Lakin Braziliyada həyat təhlükəli olduğu üçün ora getməməsinə qərar verdik. Anam kənddə yaşayır. Onun sakit həyat tərzi var.

- Niyə Bakıda sizinlə yaşamır?

- Yox, burada yaşamır. Bəzən gəlir və yenidən kəndimizə qayıdır.

- Əksər idmançılar kimi siz də evlilikdən uzaqsınız?

- Artıq 22 yaşım var. Mən də ailə qurmaq istəyirəm. Amma qarşıda Tokio-2020 Yay Olimpiya Oyunları var. Bilmirəm ki, ora qatılacağam, ya yox. 

- Deməli ailə qurduğunuz zaman idmanı buraxacaqsınız?

- Siz düşünürsünüz ki, mən evlənəndən də sonra da taekvondo ilə məşğul olacam? Yox! Evlənən kimi karyeramı başa vuracam. Peşəkar idmançı kimi yarışlara qatılmayacam. Amma məşqçi ola bilərəm. Bilirsiniz, ətrafımızda elə oğlanlar azdır. Yəni mənimlə ailə qurduqdan sonra idmanla məşğul olmağıma icazə versin. Bunu hamımız görürük. 

- Amma Azərbaycanda buna nümunə voleybolçular var. 

- Voleybol başqa idman növüdür. Ora ilə bura eyni deyil.

- Dünyada baş verən böhran idmandan da yan ötüşmür. Sizə bu nə qədər təsir edib?

- Öz büdcəmdə hər hansı problem hiss etmirəm (gülür).

- Qayıdaq Rio-2016 Yay Olimpiya Oyunlarına. Sizdən daha yüksək əyarlı medal gözlənilirdi. Amma bürünclə kifayətləndiniz...

- Olimpiadada hər şey ola bilərdi. Fikrimcə, bəxtim gətirmədi. Çünki orada elə idmançılar var idi ki, onları əvvəlki yarışlarda məğlub etmişdim. Elə taekvondoçular var idi ki, heç bir nəticələri olmadığı halda qızıl medal qazandılar.

- Olimpiadada başqa idman növlərindən qızıl gözlənilirdi. Bunların arasında cüdo, güləş, boks var idi. Amma birinciliyimiz tək taekvondoda oldu. Komanda buna inanırdı?

- Çox az adam bizdən qızıl medal gözləmirdi. Ümumiyyətlə, taekvondodan çox medal  olacağına inananlar az idi. Lakin biz 3 medalla döndük. Hansı ki, biri qızıl idi. 

- Həyatda ən tutarlı zərbəni kimə vurmusunuz?

- İkiqat Olimpiya və 4 qat dünya çempionuna. Olimpiya oyunlarında bürünc uğrunda görüşdə onunla üz-üzə gəldik. Hər kəs onun qələbəsini gözləyirdi. Amma məşqçimizin düzgün taktikası nəticəsində ona vurduğum zərbə effektli oldu. 

- Komandada olan baş məşqçi dəyişikliyi sizə müsbət, yoxsa mənfi təsir edib?

- Yeni məşqçilər pis deyil. Onlarla uğur qazanacağımıza ümid edirəm. 

- Koreyalı məşqçi Sun Mi Parkla komanda yoldaşınız Fəridə Əzizova arasında problem olmuşdu. Bu problemin səbəbi nədir? Ümumiyyətlə, o məşqçidən razı idiniz?

- O gedəndə mən Dağıstanda idim. Burada deyildim. Bu barədə danışmaq istəmirəm. Bu, Fəridə Əzizovanın problemidir. 

- Azərbaycan dilində danışa bilirsiniz?

- Bilirəm. Amma danışmağa utanıram. 1-2 söz deyə bilərəm. (“Salam. Necəsən?” deyir və gülür).

- Takevondonu məhşur idman növü saymaq olmaz. Xüsusəndə Azərbaycan üçün...

- Yox, elə deyil. Şəhərə çıxanda mənimlə foto çəkdirənlər, yaxınlaşanlar olur. Hətta Braziliyada da fanatım var. O, braziliyalıdır. Bir neçə dəfə ona avtoqraf göndərmişəm. 

- Olimpiya oyunlarından sonra rusiyalı məşqçilər sizi yenidən bu ölkənin yığmasına dəvət etdi?

- Onlarla çox zaman üz-üzə gəlirik. Olimpiya oyunlarından sonra məni komandalarına dəvət etdilər. Burada hər şey məni qane etdiyi üçün geri dönmək istəmirəm. Əvvəllər taekvondoçulara orada qiymət vermirdilər. Amma indi hər şey qaydasındadır. Lakin Azərbaycan mənim üçün çox rahatdır. Heç vaxt Rusiyaya dönməyi düşünməmişəm (qafqazinfo). 

 




 
Tarix: 7 Aprel 16:24    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2017
26 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.