"Neftçi" rəhbərliyinin tarixi səhvi – Azarkeşə "müharibə" anonsu

“Neftçi” bu gün tez-tələsik bəyanat verdi. Göstiərməyə çalışıblar ki, klub tənqidlərdən özünəməxsus nəticə çıxarıb və məşqçi korpusu ilə müqavilə müddəti 1 illik uzadılacaq. Yəni, Elxan Abdullayev və dəstəsi gələn mövsüm də "Neftçi"sevərlərin "ömrünü çürüdəcək". 


Paytaxt klubu fktiki olaraq Orxan Hüseynzadənin əlindədi. Və icraçı direktor bununla məşqçilər korpusuna aşkar dəstəyini nümayiş etdirdi. Yalnız dəstəyinimi? Təbriz palazı uzunluğunda olan bəyanat həmçinin "Forza Neftçi" daxil, "12-ci oyunçu"ya qarşı müharibənin rəsmi elanı və startı deməkdi. 

 

Dünən tərəfdar "istefa" şüarı ilə "Tofiq Bəhramov"u lərzəyə gətirdi. "Qarabağ""a uduzub həm kubokda mübarizəni erkən, həm də mövsümü titulsuz başa vurmağın üzüntüsü altında stadionu Elxan Abdullayevin başına dar edən azarkeşin rəhbərlikdən gözlədiyi, umduğu, tələb elədiyi başqa idi: o, haqq məhkəməsinin qurulmasını, günahkarların cəzalandırılmasını istəyirdi.

 

Abdullayevin oyunsonrası mətbuat konfransında "Forza"nı həqiqi "Neftçi"pərəst hesab etməməsi barədə açıqlamaları, onların ünvanına "uşaq-muşaq", "xuliqan" və bu kimi yöndəmsiz, aşağılayıcı ifadələr işlətməsi bumeranq kimi özünə qayıtmalıydı. Fanklubun bu gün səhər yaydığı "Səni də Vəli Qasımoqvun arxasınca istefaya göndərəcəyik" tipində bəyanata adekvat olaraq, günorta saatlarında "Neftçi" başbilənlərinin verdiyi reaksiya bütün korpülərin yandırdı. Geriyə qayıtmağa, münasibətləri normallaşdırmağa "ayaqyeri" də qoymadılar.

 

Orxan Hüseynzadənin briqadası "12-ci oyunçu" ilə kəllə-kəlləyə gəlməklə, bəlkə də təzyiq qarşısında sınmadığını göstərmək niyyətindədi və bunadək məşqçi korpusu ilə vidalaşmaq fikri varıydısa belə, artıq bu fikirdən də daşınıb. Adamı qıcıq götürüb və heç cür reallıqla barışmaq istəmir ki, o və çevrəsindəkilər "bacaraqsızlar partiyası"nın öndə gələn simalarıdı. Demə, xaricdə ali təhsil alıb, bir neçə dil bilir deyə, futbolda asdı, yaxud olmalıdı, kimsə irad tutmamalı, yol göstərməməlidi. Ay "Neftçi"sevərlər, ürəyinizi buz kimi eləyin, Orxan Hüseynzadə futbolun bilicisidi, bu idman növünü yaradana dərs deyər, bir də onu Abdullayevdən istefa ərizəsini almağı tələb etməyin. 


Hazırkı məşqçi korpusu ilə əməkdaşlığın daha 1 il uzadılması "Neftçi"yə bədbəxtlik vəd edir. "Forza Neftçi" bu meydanda tək qalmamalı, klubun digər fanklubları, fanatları da onlarla bir cərgədə yer almalıdı. Rəhbərlik hansısa maraqların, planların üst-üstə düşməsinə görə Abdullayevə qahmar çıxır, beləliklə, "Neftçi"ni növbəti bəlalara, fiaskoya sürükləyir.

 

Halbuki Hüseynzadə iqtidarı uzaqgörən siyasət yürüdüb, ağ-qara cəmiəni parçalanmaqdan, müxtəlif qruplaşmaların təsiri dairəsinə bölünməkdən xilas edə bilərdi. Dünən bunün üçün zəmin yaranmışdı: sezonu titulsuz tamamlayacağı dəqiqləşən baş məşqçini istefaya göndərməliydi. Beləcə, həm ictimai dəstək qazanır, həm öz reputasiyasını xilas edir, həm də "Neftçi"nin bütünlüyünü qoruyurdu. O isə həqiqətin gözünün içinə dik baxanlardan olmaq istəmədi, yenə tam əks marşrut seçdi.

 

"Neftçi"nin elektoratı, sosial bazası son vaxtlar çox zəifləmişdi. Bügünkü bəyanatla olan-qalan bazanı da dağıtdılar. Əlbəttə, peşmançılığını çəkəcək və nə boyda səhv taktiki gediş etdiklərini tezliklə anlayacaqlar. "12-ci oyunçu"ya müharibə elan edən heç bir klub, onun liderləri hələ qalib gəlməyib. Biz bu iddianı havadan götürmürük. Dünya praktikasında da belədi. "Neftçi"ni Avropa səviyyəsində brend etmək gücündə olduqlarını düşünən bu insanlar beynəlxalq təcrübədən örnək almırsa, axar çayın əksinə üzənlərin sonluğu onları da yaxalayacaq. 


MUSA

Tarix: 6 Aprel 19:24    Oxunub: 1090    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.