"Mən pula görə kişiliyimi, şərəfimi satan oğlan deyiləm"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun futbolçuları ilə həddən artıq aqressiv davranması, onları acılaması, hətta söyüb-təhqir eləməsi fakidı. Gənc mütəxəssis nədənsə ağzındakı dilinə yiyəlik edə bilmir. Ondan bu sözləri götürən də var, götürməyən də. Abasovun məşqdə söyüş söyməsi Kamran Abdullazadənin narazılığına səbəb olub, o da etirazını bildirib. Sabiq "Xəzər Lənkəran"lı deyib ki, onun şəxsiyyətini təhqir etməyə heç kimin ixtiyarı yoxdu. Bundan sonra isə baş məşqçi onu əvəzedici komandaya göndərib.


Abasov dünən "Neftçi" üzərində qazanılan qələbənin eyforiyasından hələ ayılmayıb. Odu ki, elədiyi hərəkətlər qulağına da deyil. Papağını qabağına qoyub fikirləşmək istəmir. Haqqında deyilənlər, iradlar da ona "vız" gəlir: "Bu barədə qətiyyən danışmaq istəmirəm. Başımız başqa işlərə qarışıb. Ancaq məşqlərə, oyunlara köklənmişik. Bu məsələ futboldankənar bir şeydi. Bu məsələlərlə baş yormaq istəmirəm".

 

Kamran Abdullazadə mövsümün başa çatmasını gözləyir. 21 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a müsahibəsində yaşananları xırdalayıb.


- Çoxları bu gün zəng vurub, elə bunu soruşur. Çox danışmaq istəmirəm. Danışılanlar düzdü. Nə deyim e…
 

Keçmiş klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun bu haqda yazdıqları ilə tanışsan?
- Bəli, oxudum. 

 

Samir Abasova mədəni şəkildə demisən ki, məni təhqir eləmə. Düzdümü?
- Düzdü, qardaş, düzdü.


Nə cavab verdi?
- Heç nə demədi. Çıxdım məşqdən. Kimi nə yazıb, Allah canını sağ eləsin! Sadəcə, mən danışmaq istəmirəm. 


Bu, Abasovun artıq neçənci belə hərəkətidi. O, səndən də qabaq bir neçə futbolçu ilə oxşar problem yaşayıb. Ümumiyyətlə, Abasov özünü apara və danışığının yerini bilmir. 
- Pis çıxmasın, hərəsi özünə cavabdehdi. Lənkəranda oynayanda da bilirdilər, burda da: mən pula görə kişiliyimi, şərəfimi satan oğlan deyiləm. Nəinki Samirə, futbolda heç kimə imkan vermərəm ki, gəlib məni təhqir eləsin. Futbolumu tənqid edə bilərlər, təhqir isə heç cür! Mən necə lazımdı, o cür də sözümü demişəm ona. Qurtardı getdi.


Üç oyundu əvəzedicidə çıxış edirsən. Nə vaxt geri qayıdırsan?
- Heç kimlə danışmamışam. Əvəzedicidə məşqimi edib oyunuma çıxıram. Müqaviləmin qurtarmasını gözləyirəm. 


Yəqin ki, ayrılacaqsan…
- Belə getsə, inşallah, hə.


Belə başa düşdüm ki, qalıb-qalmağın Samir Abasovun mövsümün sonunda istefaya göndərilib-göndərilməməsindən asılıdı.
- Yox, hər şey müqaviləm bitəndən sonra bilinəcək.


O hadisədən sonra niyə baş məşqçiylə oturub danışmamısan?
- Heç nə danışmamışam. 


Rəhbərlik qarışmır bu məsələyə?
- Onlar deyir ki, hər şey yaxşı olacaq. Qardaş, çox vaxt heç kimi görmürəm. Məşqdən sonra evə qayıdıram, başqa yerə getmirəm. 


Abasov əvvəl demişdi ki, "dubl"a göndərilməyinin səbəbi zəif çıxış etməyindi. İndi isə əsl səbəbin təhqir olduğu üzə çıxıb.
- Elə deməlidi də… Deməyəcək ki, mən futbolçunu söymüşəm, buna görə belə etmişəm. Başqa nə deyəsidi ki?! Mənim oyunum göz qabağında idi. Nə vaxt "sostav" oynadım, əlimdən gələni elədim. Mən o sözü "yeyib", məşq edə bilməzdim.  

 

İlk futbolçusan ki, Abasova layiq olduğu cavabı vermisən.
- Başqa futbolçuları bilmirəm. Hərəsi özünə cavabdehdi. Öz adımdan deyirəm ki, nəinki Samir Abbasov, bu futbol aləmində heç kim məni təhqir edə bilməz. Mən uşaq deyiləm, bir şey deyiləm. Özümə hörmət edən oğlanam. 


Məşqin gedişində nə baş verdi ki, o, bu ifadəni işlətdi?
- Məşqdə oldu keçdi, mən də sözümü dedim. Gəlin, "stık"ın dərinliyinə getməyək.


"Sumqayıt"ın heyəti normaldı. Biz biləni, rəhbərlik komanda üçün gücünün çatdığı şəraiti yaradıb. Maaşlar gecikmir, mükafat vaxtında verilir. Gəl ki, Samir Abasov bu hərəkətləri ilə hər şeyi korlayır.
- "Sumqayıt"da bir problem yoxdu. Maaşlar vaxtında verilir. Rəhbərliyin gördüyü işlərdən yalnız yaxşı sözlər deyə bilərəm. Komandada birlik də var. Dünən də "Neftçi"ni uddu, mən də buna çox sevindim. Pulumu versinlər, hər dəfə əsas heyətdə oynayım, başqa problemim olmasın - bunlara görə mən o təhqirə göz yuma bilmərəm. Məndə bu yoxdu. Pula, futbola görə kişiliyimi, vicdanımı satmaram. Güclüyəmsə, oynayacam. Belə də ki… nə isə!


Sənə elə gəlmir ki, "Sumqayıt"ın yaxşı nəticə qazanmasına mane olan elə baş məşqçinin özüdü?
- Hamı görürdü ki, mən "Sumqayıt" üçün necə oynayırdım, canımı qoyurdum, 90 dəqiqə vuruşurdum. O, mənim haqda elə deyibsə, daha nə bilim… 


Təklifin var?
- Çempionat qurtarsın, ondan sonra biləcəm ki, nə var, nə yox.

 

Tarix: 3 Aprel 17:24    Oxunub: 1960    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.